Şriftin ölçüsü :

Saytın rəngi :

#Hüquqimaarifləndirmə #İnsanHüquqlarıAylığı #HumanRightsMonth - Özgənin əmlakına qəsdən zərər vermə

04.06.2025

Azərbaycan Respublikasında vətəndaşların əmlak hüquqları dövlət tərəfindən ciddi şəkildə qorunur. Özgənin əmlakını qəsdən məhv etmək və ya zədələmək həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb ola bilər.

İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, 5 000 manatdan çox olmayan "az miqdarda" ziyan vurulduqda, ziyanın bir misli ilə iki misli arasında cərimə tətbiq edilir.

Daha böyük məbləğdə ziyan vurulması hallarında isə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən:

Xeyli miqdar ziyan (5 000 manatdan yuxarı, lakin 50 000 manatdan artıq olmayan) vurulduqda, iki ildən az olmamaqla azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Külli miqdar ziyan (50 000 manatdan yuxarı, lakin 500 000 manatdan artıq olmayan) və ya yandırmaq, partlatmaq kimi ümumi təhlükəli üsullarla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda, məsuliyyət üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xüsusilə külli miqdar ziyan (500 000 manatdan yuxarı) vurulduqda isə cəza yeddi ildən on ilədək azadlıqdan məhrum etmədir.

Özgənin əmlakına qəsdən zərər vermək qanunla qəti şəkildə qadağan edilir və belə hallara qarşı dövlət tərəfindən ciddi tədbirlər görülür.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.