Şriftin ölçüsü :

Saytın rəngi :

44 gün sürən Vətən Müharibəsi (II Qarabağ müharibəsi)

XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.

2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.

Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Ermənistan Respublikasının Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilmişdir.

Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandığı, ölkənin, əhalinin və ərazinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir.
İlk gündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir. Bu məqsədlə, 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərman imzalanmışdır. Fərmandan irəli gələrək Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılmışdır. Müvəqqəti komendantlıqların nəzdində də müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılmış, vəzifələri müəyyən edilmişdir.
Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.

Belə ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur.

27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olmuşdur.

04, 05, 08, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir.

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutmuşdur.

08 oktyabr, 03, 04 və 08 noyabr 2020-ci il tarixlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər «Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair» 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq geniş miqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmiləri ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurmuş, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılmış və aparılmış, habelə terrorçuluq cinayəti törədilmişdir.

***

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 02.12.2020-ci il tarixli Sərəncamları ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü, noyabrın 8-i Zəfər Günü kimi təsis edilmişdir.

***

Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalamışdır. 10 Noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Üçtərəfli Bəyanatda razılığın əldə olunmasına baxmayaraq, Ermənistan minalanmış xəritə və sxemləri təhvil verməkdən imtina edir. Bununla da, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini, Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolun 1-ci maddəsi və 4 saylı Protokolun 2 (1) və 3 (2) maddələrində müəyyən edilmiş təminatlar da daxil olmaqla, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozur.
Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə də mane olur. Xeyli müddətdir ərazilərin minalardan təmizlənməsinə baxmayaraq, mütəmadi olaraq baş verən mina partlamaları nəticəsində mülki vətəndaşların xəsarət almaları və həlak olma faktları artır.
10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olmuş, 36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.