Şriftin ölçüsü :

Saytın rəngi :

Müraciətlərə baxılması qaydası

Azərbaycan Respublikası Prokurorluğu orqanlarına poçt, teleqraf, faksimil rabitə və ya elektron poçt ilə göndərilmiş, eləcə də digər qəbul olunmuş müraciət formasında (o cümlədən prokurorluğun nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə) və ya kütləvi informasiya vasitələrindən daxil olmuş fərdi və ya kollektiv təklif, ərizə və şikayətlərə, şəxsi qəbul zamanı şifahi və ya yazılı formada edilmiş müraciətlərə baxılması, habelə prokurorluqda vətəndaşların qəbulu işi müvafiq qanunvericiliyin və Baş Prokurorluğun 30.07.2020-ci il tarixli Kollegiya iclasında təsdiq olunmuş “İşin Təşkili Qaydaları”nın tələblərinə uyğun olaraq həyata keçirilir. 
Azərbaycan Respublikası Baş Prokurorluğunun struktur qurumlarının rəhbərləri, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi, Bakı şəhər, bütün rayon (şəhər) və ərazi hərbi prokurorları tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda və digər qanunvericilik aktlarında təsbit edilmiş Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququnun reallaşdırılmasının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülməlidir. 
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.
Müraciətlərin baxılmaq üçün qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərilməsinə yol verilmir.
Bu qadağaya görə müraciəti aidiyyəti üzrə göndərmək mümkün olmadıqda, müraciət müəllifinə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur.

234.5. Prokurorluq orqanlarında struktur qurumların rəhbərləri və tabe rayon (şəhər) və ərazi hərbi prokurorları müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin düzgün təşkilinə görə şəxsən məsuliyyət daşıyırlar.

236.3. Həlli prokurorluğun səlahiyyətlərinə aid olmayan müraciətlər 3 iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərilməklə onların müəlliflərinə bu barədə məlumat verilir.
Zəruri hallarda bu növ müraciətlərin müəlliflərinə müvafiq qanunvericiliyin tələblərinin və müraciət etmə qaydasının izahını nəzərdə tutan yazılı cavabların göndərilməsi (şəxsi qəbul zamanı isə şifahi izahların verilməsi) təmin edilməlidir.

236.4. Müraciətlərə baxılmasının nəticələri və bununla bağlı qəbul olunmuş qərarlar haqqında müraciət müəlliflərinə qanunla müəyyən edilmiş müddətlərdə müfəssəl cavabların verilməsi, müraciət baxılmamış saxlanıldıqda, qismən təmin edildikdə və ya rədd edildikdə cavabda bunun səbəbləri göstərilməklə qanunvericiliyin müvafiq müddəalarına istinad və şikayət vermə qaydasının izah edilməsi təmin olunur.
Həlli prokurorluğun səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti üzrə göndərilməsi və onların müəlliflərinə izahlı cavabların verilməsi Baş Prokurorluqda Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Təşkilati və informasiya təminatı idarəsi, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarında isə Sənədlərlə və müraciətlərlə işin təşkili şöbələri tərəfindən həyata keçirilir. Müraciət müəlliflərinə göndərilən cavablar göstərilən struktur qurumların rəhbərləri və ya onların müavinləri tərəfindən imzalanmalıdır. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna daxil olmuş bu qəbildən olan müraciətlərə cavabların verilməsi həmin qurumun rəhbərinin müəyyən etdiyi qaydada onun müvafiq köməkçisi tərəfindən təmin edilir. Rayon (şəhər) və ərazi hərbi prokurorluqlarına daxil olmuş göstərilən növ müraciətlər müvafiq prokurorlar və ya onların müavinləri tərəfindən cavablandırılmalıdır. 

236.5. Müraciətdə göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə, müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir.

236.9. Baş Prokurorluqda, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər prokurorluqlarında müraciətlərə baxılmasının nəticələri və qəbul olunmuş qərarlar barədə ilkin cavabların verilməsi müvafiq idarə (şöbə) rəislərinin müavinləri (“rəis müavini” ştat vahidi olmayan idarələrdə (şöbələrdə) isə birbaşa olaraq idarənin (şöbənin) rəisi), onların qərarlarından verilmiş şikayətlərə baxılması və bunun nəticələri barədə cavabların verilməsi idarə (şöbə) rəisləri, idarə (şöbə) rəislərinin qərarlarından verilmiş şikayətlərə baxılması və nəticəsinə dair cavabların verilməsi isə müvafiq prokurorların müavinləri tərəfindən həyata keçirilir. Prokuror müavinlərinin daxil olmuş müraciətlər üzrə qəbul etdikləri qərarlardan verilmiş şikayətlərə müvafiq prokurorlar tərəfindən baxılaraq şikayətçilərə cavab verilir. Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər prokurorları tərəfindən müraciətlər üzrə qəbul olunmuş qərarlara dair şikayətlərə Baş prokurorun müvafiq müavinləri tərəfindən baxılır və müraciət müəlliflərinə cavablar onların imzaları ilə verilir.

236.10. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müraciətlərə baxılmasının nəticələri və qəbul olunmuş qərarlar barədə ilkin cavabların verilməsi Baş İdarənin müvafiq idarə (şöbə) rəislərinin müavinləri (belə ştat vahidi olmayan idarələrdə (şöbələrdə) birbaşa olaraq idarənin (şöbənin) rəisləri), onların qərarlarından verilmiş şikayətlərə baxılması və bunun nəticələri barədə cavabların verilməsi idarə (şöbə) rəisləri, idarə (şöbə) rəislərinin qərarlarından verilmiş şikayətlərə baxılması və bunun nəticələri barədə cavabların verilməsi Baş İdarənin rəis müavinləri, onların qərarlarından verilmiş şikayətlərə baxılması və nəticəsinə dair cavabların verilməsi isə vəzifəsinə görə Baş prokurorun müavini hesab edilən Baş İdarənin rəisi tərəfindən həyata keçirilir.

236.11. Baş prokurorun müavinləri, bilavasitə Baş prokurorun tabeliyində olan Baş Prokurorluğun idarələrinin rəisləri və Baş prokurorun köməkçiləri tərəfindən müraciətlər üzrə qəbul edilmiş qərarlara dair şikayətlərə Baş prokuror tərəfindən baxılır və müraciət müəlliflərinə cavab onun imzası ilə verilir. Prokurorluqda müraciət üzrə son qərar Baş prokuror tərəfindən qəbul edilir.

236.12. Rayon (şəhər) və ərazi hərbi prokurorluqlarına daxil olmuş müraciətlər üzrə qəbul edilmiş qərarlar barədə müraciət müəlliflərinə məlumat müvafiq prokurorlar və onların müavinləri tərəfindən verilir. Prokuror müavinlərinin qərarlarından edilmiş şikayətlərə müvafiq prokurorlar tərəfindən, rayon (şəhər) və ərazi hərbi prokurorlarının daxil olmuş müraciətlərə dair qəbul etdikləri qərarlardan verilmiş şikayətlərə isə müvafiq yuxarı prokurorluqlar tərəfindən baxılır.

242.1. Prokurorluq orqanlarında vətəndaşlar müəyyən olunmuş qrafiklər üzrə qəbul edilirlər. Vətəndaşların müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi tələb edildikdə prokurorluq orqanlarının müvafiq vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər. Bir qayda olaraq, Baş prokuror tərəfindən ayda bir, Baş prokurorun müavinləri tərəfindən isə ayda iki dəfədən az olmayaraq vətəndaşların qəbulu keçirilir. Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər prokurorları tərəfindən həftədə bir, rayon (şəhər) və ərazi hərbi prokurorları tərəfindən isə həftədə iki dəfədən az olmayaraq vətəndaşlar şəxsən qəbul edilməlidir.

242.4. Rayon (şəhər) prokurorları tərəfindən vətəndaşların yaşayış yerləri üzrə, ərazi hərbi prokurorları tərəfindən isə hərbi qulluqçuların hərbi hissələrdə qəbulu müəyyən olunmuş qrafiklər üzrə ayda bir dəfədən az olmayaraq həyata keçirilir.
Rayon (şəhər) və ərazi hərbi prokurorluqlarında vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması məqsədilə, prokurorluğun əməkdaşları arasında aparılan vəzifə bölgüsü zamanı bu işin təşkilinə məsul olan müvafiq prokuror köməkçisi müəyyən edilməlidir.

242.9. Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin, Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının Sənədlərlə və müraciətlərlə işin təşkili şöbələrinin əməkdaşları və Naxçıvan Muxtar Respublikasının Hərbi prokurorunun müvafiq köməkçisi həlli prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan ilkin müraciətlərin, eləcə də prokurorluğun səlahiyyətləri ilə bağlı olmayan bütün müraciətlərin müəlliflərinin qəbulunu keçirməklə zəruri məlumat və izahların verilməsini, qəbul olunmuş (izah verilmiş) vətəndaşlara dair məlumatların müvafiq qeydiyyat kitablarına daxil edilməklə növbəti iş günü ərzində xüsusi elektron məlumat bazalarında yerləşdirilməsini, daxil olmuş müraciətlərin müvafiq qaydada qeydiyyata alınması və aidiyyəti üzrə təqdim edilməsini təmin edirlər.
242.10. Vətəndaş tərəfindən bu Qaydaların 242.9-cu bəndində göstərilmiş prokurorluq orqanlarına növbəti dəfə müraciət edildikdə və ya müraciət edənin şikayəti bundan əvvəl tabe prokurorluqda baxılıb təmin edilmədikdə, eləcə də müraciətin ilkin olmasına baxmayaraq, ağır və xüsusilə ağır cinayətlər, vəzifəli şəxslərin insan və vətəndaş hüquq və azadlıqlarını pozan qərar və hərəkətləri (hərəkətsizliyi), korrupsiya cinayətləri, işgəncə və ya digər qeyri-insani rəftar, prokurorluq əməkdaşlarının və ya digər hüquq mühafizə orqanları işçilərinin hərəkətləri, habelə məzmunu əhəmiyyət kəsb edən digər məsələlərlə bağlı olması müəyyən edildikdə, vətəndaşlar müvafiq idarələrin (şöbələrin) prokurorları tərəfindən qəbul edilməlidir. İdarə (şöbə) prokurorları tərəfindən qəbul edildikdən sonra şikayətləri üzrə qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar müvafiq idarələrin (şöbələrin) rəis müavinləri (idarədə və ya şöbədə belə ştat vahidi olmadıqda, idarə (şöbə) rəisləri), bundan sonra qəbul olunmuş qərarlardan şikayət edən şəxslər isə idarə (şöbə) rəisləri tərəfindən qəbul olunmalıdır. Müraciətləri mühüm əhəmiyyət kəsb edən şikayətçilərin bilavasitə idarə (şöbə) rəisləri və ya onların müavinləri tərəfindən, müraciətləri xüsusilə mühüm əhəmiyyət kəsb edən şikayətçilərin, habelə idarə (şöbə) rəisləri tərəfindən qəbul edildikdən sonra şikayətləri təmin edilməmiş vətəndaşların müvafiq prokurorların müavinləri, bundan sonra müraciətləri üzrə qəbul olunmuş qərarlardan şikayət edən şəxslərin isə müvafiq prokurorlar tərəfindən qəbul edilməsi təmin olunmalıdır.

242.11. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vətəndaşlar ilkin müraciətləri ilə əlaqədar Baş İdarənin müvafiq idarələrinin (şöbələrinin) prokurorları tərəfindən qəbul edilir. İdarə (şöbə) prokurorları tərəfindən qəbul edildikdən sonra müraciətləri üzrə qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar həmin idarələrin (şöbələrin) rəis müavinləri (belə ştat vahidi olmayan idarələrdə (şöbələrdə) birbaşa olaraq idarənin (şöbənin) rəisləri), idarə (şöbə) rəisi müavinləri tərəfindən qəbul edildikdən sonra müraciətləri üzrə qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar idarə (şöbə) rəisləri, idarə (şöbə) rəisləri tərəfindən qəbul edildikdən sonra müraciətləri üzrə qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar Baş İdarənin rəis müavinləri, bundan sonra qəbul olunmuş qərarlardan şikayət edən şəxslər isə vəzifəsinə görə Baş prokurorun müavini hesab edilən Baş İdarənin rəisi tərəfindən qəbul edilməlidir. Müraciətləri mühüm əhəmiyyət kəsb edən şikayətçilərin bilavasitə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi tərəfindən qəbul olunması təmin edilməlidir.

242.12. Baş prokurorun Baş Prokurorluğun inzibati binasında keçiriləcək qəbullarına yazılmaq üçün müraciət etmiş vətəndaşların qeydiyyatı Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Qəbul şöbəsi tərəfindən aparılır. Şöbə tərəfindən qəbula yazılmaq üçün müraciət etmiş vətəndaşların əvvəlki müraciətləri üzrə zəruri informasiyanın, o cümlədən onların sayı, xarakteri, nəzarətdə olub-olmaması, müraciətlər üzrə qəbul edilmiş qərarlar, verilmiş cavablar, müraciət müəlliflərinin əvvəllər prokurorluğun hansı vəzifəli şəxslərinin qəbulunda olması, onların tabe prokurorluqlarda qəbulunun vəziyyəti barədə məlumatların toplanılması, bu məqsədlə Baş Prokurorluğun struktur qurumlarından və tabe prokurorluqlardan nəzarət icraatlarının, arayışların və digər sənədlərin tələb edilib öyrənilməsi təmin edilir. Daha sonra Qəbul şöbəsinin əməkdaşları Baş prokurorun qəbulunun vaxtı barədə qəbula yazılmış vətəndaşları məlumatlandırır və müəyyən olunmuş vaxtda qəbula gəlmiş vətəndaşların Baş Prokurorluğun inzibati binasında Baş prokuror tərəfindən ardıcıllıqla qəbul edilməsini təmin edirlər. Qəbul zamanı vətəndaşlar tərəfindən təqdim olunmuş müraciətlər Baş prokurorun müvafiq dərkənarları əsasında nəzarətə götürülür və Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi tərəfindən həmin müraciətlərin Baş prokurorun göstərişlərinin dərhal icra olunması üçün aidiyyəti struktur qurumlara verilməsi təmin edilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.