Şriftin ölçüsü :
Saytın rəngi :
Prokurorluq orqanlarında vətəndaşlar müəyyən olunmuş qrafiklər üzrə qəbul edilirlər. Vətəndaşların müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi tələb edildikdə prokurorluq orqanlarının müvafiq vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin, Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının Sənədlərlə və müraciətlərlə işin təşkili şöbələrinin əməkdaşları və Naxçıvan Muxtar Respublikasının Hərbi prokurorunun müvafiq köməkçisi həlli prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan ilkin müraciətlərin, eləcə də prokurorluğun səlahiyyətləri ilə bağlı olmayan bütün müraciətlərin müəlliflərinin qəbulunu keçirməklə zəruri məlumat və izahların verilməsini, qəbul olunmuş (izah verilmiş) vətəndaşlara dair məlumatların müvafiq qeydiyyat kitablarına daxil edilməklə növbəti iş günü ərzində xüsusi elektron məlumat bazalarında yerləşdirilməsini, daxil olmuş müraciətlərin müvafiq qaydada qeydiyyata alınması və aidiyyəti üzrə təqdim edilməsini təmin edirlər.
Vətəndaş tərəfindən prokurorluq orqanlarına növbəti dəfə müraciət edildikdə və ya müraciət edənin şikayəti bundan əvvəl tabe prokurorluqda baxılıb təmin edilmədikdə, eləcə də müraciətin ilkin olmasına baxmayaraq, ağır və xüsusilə ağır cinayətlər, vəzifəli şəxslərin insan və vətəndaş hüquq və azadlıqlarını pozan qərar və hərəkətləri (hərəkətsizliyi), korrupsiya cinayətləri, işgəncə və ya digər qeyri-insani rəftar, prokurorluq əməkdaşlarının və ya digər hüquq mühafizə orqanları işçilərinin hərəkətləri, habelə məzmunu əhəmiyyət kəsb edən digər məsələlərlə bağlı olması müəyyən edildikdə, vətəndaşlar müvafiq idarələrin (şöbələrin) prokurorları tərəfindən qəbul edilməlidir. İdarə (şöbə) prokurorları tərəfindən qəbul edildikdən sonra şikayətləri üzrə qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar müvafiq idarələrin (şöbələrin) rəis müavinləri (idarədə və ya şöbədə belə ştat vahidi olmadıqda, idarə (şöbə) rəisləri), bundan sonra qəbul olunmuş qərarlardan şikayət edən şəxslər isə idarə (şöbə) rəisləri tərəfindən qəbul olunmalıdır. Müraciətləri mühüm əhəmiyyət kəsb edən şikayətçilərin bilavasitə idarə (şöbə) rəisləri və ya onların müavinləri tərəfindən, müraciətləri xüsusilə mühüm əhəmiyyət kəsb edən şikayətçilərin, habelə idarə (şöbə) rəisləri tərəfindən qəbul edildikdən sonra şikayətləri təmin edilməmiş vətəndaşların müvafiq prokurorların müavinləri, bundan sonra müraciətləri üzrə qəbul olunmuş qərarlardan şikayət edən şəxslərin isə müvafiq prokurorlar tərəfindən qəbul edilməsi təmin olunmalıdır.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vətəndaşlar ilkin müraciətləri ilə əlaqədar Baş İdarənin müvafiq idarələrinin (şöbələrinin) prokurorları tərəfindən qəbul edilir. İdarə (şöbə) prokurorları tərəfindən qəbul edildikdən sonra müraciətləri üzrə qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar həmin idarələrin (şöbələrin) rəis müavinləri (belə ştat vahidi olmayan idarələrdə (şöbələrdə) birbaşa olaraq idarənin (şöbənin) rəisləri), idarə (şöbə) rəisi müavinləri tərəfindən qəbul edildikdən sonra müraciətləri üzrə qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar idarə (şöbə) rəisləri, idarə (şöbə) rəisləri tərəfindən qəbul edildikdən sonra müraciətləri üzrə qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar Baş İdarənin rəis müavinləri, bundan sonra qəbul olunmuş qərarlardan şikayət edən şəxslər isə vəzifəsinə görə Baş prokurorun müavini hesab edilən Baş İdarənin rəisi tərəfindən qəbul edilməlidir. Müraciətləri mühüm əhəmiyyət kəsb edən şikayətçilərin bilavasitə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi tərəfindən qəbul olunması təmin edilməlidir.
Baş prokurorun Baş Prokurorluğun inzibati binasında keçiriləcək qəbullarına yazılmaq üçün müraciət etmiş vətəndaşların qeydiyyatı Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Qəbul şöbəsi tərəfindən aparılır. Şöbə tərəfindən qəbula yazılmaq üçün müraciət etmiş vətəndaşların əvvəlki müraciətləri üzrə zəruri informasiyanın, o cümlədən onların sayı, xarakteri, nəzarətdə olub-olmaması, müraciətlər üzrə qəbul edilmiş qərarlar, verilmiş cavablar, müraciət müəlliflərinin əvvəllər prokurorluğun hansı vəzifəli şəxslərinin qəbulunda olması, onların tabe prokurorluqlarda qəbulunun vəziyyəti barədə məlumatların toplanılması, bu məqsədlə Baş Prokurorluğun struktur qurumlarından və tabe prokurorluqlardan nəzarət icraatlarının, arayışların və digər sənədlərin tələb edilib öyrənilməsi təmin edilir. Daha sonra Qəbul şöbəsinin əməkdaşları Baş prokurorun qəbulunun vaxtı barədə qəbula yazılmış vətəndaşları məlumatlandırır və müəyyən olunmuş vaxtda qəbula gəlmiş vətəndaşların Baş Prokurorluğun inzibati binasında Baş prokuror tərəfindən ardıcıllıqla qəbul edilməsini təmin edirlər. Qəbul zamanı vətəndaşlar tərəfindən təqdim olunmuş müraciətlər Baş prokurorun müvafiq dərkənarları əsasında nəzarətə götürülür və Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi tərəfindən həmin müraciətlərin Baş prokurorun göstərişlərinin dərhal icra olunması üçün aidiyyəti struktur qurumlara verilməsi təmin edilir.
Rayon (şəhər) prokurorları tərəfindən vətəndaşların yaşayış yerləri üzrə, ərazi hərbi prokurorları tərəfindən isə hərbi qulluqçuların hərbi hissələrdə qəbulu müəyyən olunmuş qrafiklər üzrə ayda bir dəfədən az olmayaraq həyata keçirilir.
Rayon (şəhər) və ərazi hərbi prokurorluqlarında vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması məqsədilə, prokurorluğun əməkdaşları arasında aparılan vəzifə bölgüsü zamanı bu işin təşkilinə məsul olan müvafiq prokuror köməkçisi müəyyən edilməlidir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı