Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəlib. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurub.
Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olub. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Azərbaycan Respublikası həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını gerçəkləşdirir. Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı tək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Həmçinin, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. Əlbəttə ki, Azərbaycanın bu cür nailiyyətlərinin praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir.
İnsan hüquq və azadlıqlarının təminatı müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi, siyasi ideallarının ali təzahurünə çevrilməklə vətəndaş cəmiyyətinin başlıca meyarı sayılır. Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər ilk növbədə qanunların aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən və ədalət mühakiməsinin beynəlxalq tələblərə tam uyğunlaşdırılmasından asılıdır.
Respublikamızın sürətli sosial-iqtisadi inkişafı onun xarici əlaqələrinin daha da genişlənməsinə və yeni sahələri əhatə etməsinə səbəb olmuşdur. İqtisadi və sosial proseslərin qloballaşması isə cinayətkarlığın daha mütəşəkkil, transmilli və təhlükəli formalarının meydana gəlməsinə şərait yaratmışdır. Beyənlxalq əlaqələrin genişlənməsi, ölkəmizin dünya birliyinə inteqrasiya olunması, cinayətkarlığın yeni formalarının qarşısının dövlətlərin birgə səyi nəticəsində alınmasının mümkünlüyü hüquq mühafizə orqanlarının, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun digər ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq etməsini, beynəlxalq təşkilatlarda iştirakını zəruri edir. Bütün bunlar respublikamızın prokurorluq orqanlarının beynəlxalq əlaqələrin həyata keçirilməsi sahəsində fəaliyyətin xeyli dərəcədə gücləndirilməsini şərtləndirmişdir.
Azərbaycan Respublikasının Prokurorluğu qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr yaratmaqla, onlarla əməkdaşlıq haqqında müqavilələr bağlayır və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində öz səlahiyyətləri çərçivəsində iştirak edir.
Prokurorluğun beynəlxalq əlaqələrinin yaranması və inkişafında əlamətdar tarixlər:
Yanvar 1993-cü il - Hüquqi təminat idarəsinin tərkibində Beynəlxalq hüquqi şöbə yaradılmışdır.
25 yanvar 1993-cü il - Müstəqil Azərbaycan prokurorluğunun ilk beynəlxalq müqaviləsi, Azərbaycan Respublikası və Rusiya Federasiyası Baş Prokurorluqları arasında hüquqi yardım və əməkdaşlıq haqqında Saziş imzalanmışdır .
Fevral 1994-cü il - Hüquqi təminat idarəsinin tərkibindən çıxarılaraq Beynəlxalq hüquqi şöbə yaradılmışdır.
1997-ci il - Azərbaycan Respublikasının Baş Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının təşkilati üzvlüyünə qəbul edilmişdir. 2018-ci ilin sentyabrında Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi, hazırda Baş prokuror Kamran Əliyev həmin təşkilatın vitse-prezidenti vəzifəsinə seçilmişdir.
2000 - hal-hazıradək - Prokurorluğun beynəlxalq əlaqələri genişlənərək, Çin, Avstriya, Qazaxıstan, Tailand, Ukrayna, Türkmənistan, Gürcüstan, Tacikistan və s. dövlətlərin prokurorluq orqanları ilə əməkdaşlığa dair ikitərəfli sazişlər imzalanmışdır.
29 sentyabr 2006-cı il - Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq 1994-cü ildən fəaliyyət göstərən Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbəsində struktur dəyişikliyi aparılaraq idarə statusu almış və Beynəlxalq əlaqələr idarəsi adlandırılmışdır. İdarənin əsas vəzifə və funksiyalarına Azərbaycan Respublikası Baş Prokurorluğunun xarici ölkələrin prokurorluqları, Azərbaycan Respublikasının Ədliyyə, Xarici və Daxili işlər nazirlikləri, İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu, hüquq mühafizə orqanları ilə işgüzar əlaqələrin yaradılması və inkişafına yönəlmiş beynəlxalq-hüquqi xarakterli təkliflər hazırlamaq və digər tədbirlərin həyata keçirilməsini təmin etmək; səlahiyyətləri daxilində xarici ölkələrin prokurorluqları və digər hüquq mühafizə orqanları ilə əməkdaşlıq etmək, müəyyən olunmuş qaydada Xarici İşlər Nazirliyi vasitəsi ilə xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə işgüzar əlaqələr saxlamaq; Baş Prokurorluğun idarə və şöbələri, elm və tədris müəssisələri ilə birlikdə, müvafiq dövlət strukturları ilə razılaşdırılmaqla xarici ölkələrin prokurorluqları ilə əməkdaşlığın hüquqi bazasının yaradılmasında iştirak etmək, Baş Prokurorluğu digər orqanlarda təmsil etmək və s. daxildir.
14 iyun 2011-ci il - Beynəlxalq əlaqələr idarəsində struktur dəyişikliyi edilərək tərkibində Ekstradisiya və hüquqi yardım şöbəsi və Beynəlxalq hüquqi əməkdaşlıq və protokol xidməti yaradılmışdır.
Yanvar 2013-cü il - Beynəlxalq əlaqələr idarəsinin ilk nəşri, “Ekstradisiya, beynəlxalq hüquqi yardımın göstərilməsi və cinayət təqibinin həyata keçirilməsi” metodiki vəsait işıq üzü görmüşdür.
10 iyun 2020-ci il - Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsi yaradılmışdır.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq müqavilələrlə digər dövlət təsisatları ilə yanaşı prokurorluq orqanlarının üzərinə ciddi vəzifələr qoyulmuş və bu vəzifələrin icrası prokurorluğun fəaliyyətinin bütün istiqamətləri üzrə prioritet təşkil edir.
Ölkəmizin beynəlxalq öhdəliklərindən irəli gələn vəzifələrin icrasına prokurorluq orqanları tərəfindən daim xüsusi önəm verilmiş, son illərdə bu sahədə bir sıra mühüm tədbirlər görülmüşdür.
Dövlətimiz dünya birliyinin inkişaf etmiş ölkələrinin tərəfdar çıxdığı çoxsaylı və mühüm əhəmiyyət kəsb edən beynəlxalq müqavilə və konvensiyaları imzalayıb ratifikasiya etməklə öz üzərinə müvafiq öhdəliklər götürmüş, beynəlxalq birlik tərəfindən müəyyən edilmiş ali dəyərlərdən faydalanmış, insan və vətəndaşların hüquq və azadlıqlarının təminatlı olaraq və daha yüksək hüquq müstəvisində təmin olunmasına nail olmuşdur. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilə və konvensiyaların prokurorluğun fəaliyyətinə aid müddəalarının mütləq və dəqiq icrası, beynəlxalq hüquq normalarının müəyyən etdiyi qaydalara əməl olunması, cinayətkarlıqla birgə mübarizə proqramlarının hazırlanması və həyata keçirilməsi, əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin əlaqələndirilməsi və digər məsələlərin realizə olunması ilə bağlı yaranan problemlərin hüquqi prosedurlarının müəyyən edilməsi və yerinə yetirilməsi ilə əlaqədar prokurorluğun üzərinə çoxsaylı vəzifə və funksiyalar düşür.
Azərbaycan Respublikasının ratifikasiya etdiyi “İnsan hüquqları və əsas azadlıqları haqqında”, “İşgəncələrin və qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında”, “Ekstradisiya haqqında”, “Məhkum olunmuş şəxslərin verilməsi haqqında”, “Cinayət fəaliyyətində əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında”, “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında”, “Terrorizmin qarşısının alınması haqqında”, “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında “ Avropa konvensiyalarını və son üçünə əlavə protokolları, BMT-nin Baş Məclisinin qəbul etdiyi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında”, “Hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməməsi haqqında”, “İnsanlarla cinayətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında”, “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında”, “İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı”, “Bomba terrorizmi ilə mübarizə haqqında”, “Adamların girov götürülməsinə qarşı mübarizə haqqında”, “Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında”, “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında”, “Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında” konvensiyaları, eləcə də “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyanı və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” və “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” protokolları, habelə “Uşaq hüquqları haqqında” Konvensiyanın “Uşaq alverinə, uşaq pornoqrafiyasına dair” Fakültativ Protokolu prokurorluq orqanlarının fəaliyyətinə bu və ya digər dərəcədə aidiyyəti olan beynəlxalq sənədlərdir.
Azərbaycan Respublikası MDB-nin “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 1993-cü il tarixli və eyni adlı 2002-ci il tarixli Konvensiyalarına qoşulmuş, bir çox dövlətlərlə hüquqi yardım göstərilməsinə dair ikitərəfli müqavilələr imzalamışdır.
Həmin konvensiyaların müddəaları cinayət təqibi sahəsində beynəlxalq əməkdaşlığın həm ənənəvi, həm də yeni istiqamətləri üzrə, o cümlədən cinayətkarlığın ən təhlükəli təzahürlərinin, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, insan alveri, işgəncə və qeyri-insani rəftar, terrorçuluq və onun maliyyələşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Bütün bunlar və beynəlxalq hüquq normalarının milli qanunvericiliyə implementasiyası prokurorluq orqanlarının fəaliyyətinin yeni tələblər müstəvisində həyata keçirilməsini şərtləndirmişdir.
İnsan hüquqları sahəsində əsas beynəlxalq sənədlərin və demokratik təsisatların tələblərinə müvafiq olaraq aparılmış məhkəmə-hüquq islahatları nəticəsində yeniləşmiş, demokratik təsisata çevrilmiş, Azərbaycan Prokurorluğu cinayətkarlıqla mübarizə və insan haqlarının qorunması sahəsində xarici əlaqələrini inkişaf etdirərək, dünya hüquqşünaslar cəmiyyətində layiqincə təmsil olunmuşdur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu başqa dövlətlərin hüquq-mühafizə və digər səlahiyyətli orqanları ilə, beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm əhəmiyyət verərək, bu əlaqələrin səmərəliliyinin artırılması, hüquqi yardım, cinayətkarlıqla mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi haqqında beynəlxalq müqavilə və konvensiyaların tətbiqi təcrübəsinin təkmilləşdirilməsi üzərində daim çalışır.
Baş Prokurorluq xarici ölkələrin prokurorluqları, məhkəmə, ədliyyə və hüquq-mühafizə orqanları, beynəlxalq təşkilatlarla işgüzar əlaqələr qurmaqla ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiya və müqavilələrdən irəli gələn öhdəliklərə əməl olunmasını, hüquqi yardım haqqında vəsatətlərə baxılmasını təmin edir, beynəlxalq sənədlərin layihələrinin hazırlanmasında yaxından iştirak edir.
Dünya dövlətlərinin prokurorluq orqanları ilə effektiv əlaqələrin yaradılması daha çox müxtəlif ölkələrin prokurorluq orqanlarının rəhbərlərinin səfərləri və həmin səfərlər çərçivəsində imzalanan əməkdaşlıq proqramları ilə inkişaf etdirilir.
2000-ci ildən başlanmış islahatlar dövrü ərzində fəaliyyət növlərindən biri olan hüquqi müqavilə bazasının təşkil olunması sahəsində bir sıra ölkələrlə, o cümlədən Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Litva, Moldova, Özbəkistan, Çin, Avstriya, Tailand, Bolqarıstan və digər dövlətlərin Baş Prokurorluqları ilə əməkdaşlıq proqramları və sazişlər imzalanmışdır.
Azərbaycan Prokurorluğunun beynəlxalq əlaqələrində xüsusi yeri Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsindəki əməkdaşlıq təşkil edir. Dünyanın 80-dən artıq ölkəsini əhatə edən bir mötəbər təşkilatın İcraiyyə Komitəsinin 2001-ci ilin may ayında iclasının Bakıda keçirilməsi həm təşkilatın həyatında, həm də hüquqi dövlət quruculuğu yolu ilə irəliləyən ölkəmizin həyatında mühüm hadisə olmuşdur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən Beynəlxalq Prokurorlar Assosiasiyasının sabiq Prezidenti Nikolas Kouderinin rəhbərlik etdiyi nümayəndə heyətinin qəbul edilməsi bu beynəlxalq tədbirin gedişində ən əlamətdar hadisə olmaqla bərabər, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün də ciddi zəmin yaratmışdır. Baş Prokurorluq Assosiasiyanın Paris, Sidney, Seul, London və digər şəhərlərində keçirilən çoxsaylı tədbirlərində yaxından iştirak etmişdir. Bu əməkdaşlıq cinayətkarlığın qarşısının alınması və qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi kimi ali məqsədlərə nail olunmasına dəyərli töhfələr verməkdədir. Eyni zamanda, Azərbaycan Prokurorluğu Avropa Baş prokurorlarının bir çox tədbirlərində də yaxından iştirak etmişdir.
Dünyanın qabaqcıl dövlətlərinin, o cümlədən Böyük Britaniya, Almaniya, Kanada, Avstraliya, Cənubi Koreyanın prokurorluqlarının liderlərini və İcraiyyə Komitəsinin tərkibinə daxil olan digər ölkələrin prokurorluq xidmətlərinin rəhbər işçilərini qəbul edən Ümummilli liderimiz Heydər Əliyev həmin təşkilatla əməkdaşlığımıza qiymət verərək demişdir: “Əminəm ki, Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsindəki əməkdaşlığımız cinayətkarlığın qarşısının alınması və qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi kimi ali məqsədlərə nail olunmasına dəyərli töhfəsini verəcəkdir”.
Assosiasiyanın sabiq prezidenti Nikolas Kouderinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilməsi Bakı şəhərində keçirilən bu beynəlxalq tədbirin gedişində ən əlamətdar hadisə olmuş, səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm zəmin yaratmışdır.
Bakı iclasında qəbul edilmiş qərarlar Assosiasiyanın Londonda keçirilmiş “İnsan haqlarının təmin olunmasında prokurorun rolu” mövzusunda həsr etdiyi konfransda təşkilatın fəaliyyət istiqaməti kimi qəbul edilmişdir.
Respublikamızın Assosiasiyanın işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq BPA-nın 2016-cı ildə İrlandiyanın paytaxtı Dublində keçirilmiş illik tədbirlərində Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclasının 2018-ci ilin 9-10 aprel tarixlərində Bakı şəhərində keçirilmişdir.
7-14 sentyabr 2018-ci il tarixində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində BPA-nın İcraiyyə Komitəsinin 46-cı iclası, 23-cü İllik Konfransı və Ümumi Yığıncağında 2010-cu ildən etibarən BPA-nın İcrayyə Komitəsinin üzvü vəzifəsini daşıyan Kamran Əliyev qurumun vitse-prezidenti vəzifəsinə yekdilliklə seçilmişdir.
Həmçinin, ölkəmizin ədliyyə və prokurorluq orqanlarının qurumun fəaliyyətinə vermiş olduğu töfhələr və yüksək səviyyəli işgüzar əlaqələr, habelə Bakı şəhərində keçirilmiş İcraiyyə Komitəsinin 45-ci iclasının uğurla təşkil olunduğu nəzərə alınmaqla Azərbaycan Prokurorluğu xüsusi mükafatla - Assosiasiyasının Fəxri Sertifikat ilə təltif edilmişdir.
Müstəqil Dövlətlər Birliyi üzv-dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası (BPƏŞ) 7 dekabr 1995-ci il tarixində MDB üzv-dövlətlərinin baş prokurorlarının birgə qərarı ilə yaradılmışdır. Müstəqil Dövlətlər Birliyi üzv-dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası haqqında Dövlət başçıları Şurasının 25 yanvar 2000-ci il tarixli qərarı ilə BPƏŞ-ə Müstəqil Dövlətlər Birliyinin dövlətlərarası orqan statusu verilmişdir.
Səmərəli beynəlxalq əməkdaşlığının vacib istiqamətlərindən biri də Azərbaycan Prokurorluğunun regional müstəvidə MDB üzv dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasındakı fəaliyyətidir. Ayrı-ayrı vaxtlarda prokurorluq qurumun MDB-yə daxil olan ölkələrin ərazilərində keçirilən tədbirlərində yaxından iştirak etmişdir. Belə tədbirlər daha çox hüquq mühafizə orqanlarının transmilli mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorçuluq və ekstremizmin digər təzahürləri ilə, korrupsiya, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlığı əhatə edir.
Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirildiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirildiyi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə edildiyi bir şəraitdə ölkə Prokurorluğunun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, dünya dövlətlərinin prokurorluq orqanları ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin edilir.