Şriftin ölçüsü :
Saytın rəngi :
“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nə uyğun olaraq Baş İdarə aşağıdakı vəzifə və hüquqları həyata keçirir:
Vəzifələr:
- korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlara baxır və araşdırma aparır;
- korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar cinayət işi başlayır və ibtidai istintaq aparır;
- korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini Baş İdarənin yazılı tapşırığı əsasında əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri yerinə yetirdikdə bu sahədə qanunların icrasına nəzarəti həyata keçirir;
- korrupsiya ilə bağlı cinayətlərin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görür;
- korrupsiyaya qarşı mübarizənin vəziyyətini öyrənir, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplayır, təhlil edir, ümumiləşdirir və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlayır, həmin fəaliyyəti həyata keçirərkən normativ hüquqi aktlarda və onların layihələrində korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə, onların aradan qaldırılması üçün Baş Prokuror qarşısında məsələ qaldırır;
- korrupsiya ilə bağlı cinayətlərin ibtidai istintaqı, habelə həmin işlərin məhkəmə baxışı zamanı cinayət prosesində iştirak edən şahidlərin, zərər çəkmiş, təsdiqləndirilən və digər şəxslərin təhlükəsizliyi üçün tədbirlərin görülməsini təmin edir;
-- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin edir;
- korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə Baş prokuror vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına mütəmadi olaraq məlumat verir;
- korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq edir;
-- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasını təşkil edir, həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətini təmin edir;
-- bu Əsasnamənin 5.8-1-ci bəndində nəzərdə tutulan statistik məlumatların aşağıdakılara təqdim edilməsini təmin edir:
-- “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risklərin qiymətləndirilməsi məqsədilə həmin Qanunla müəyyən edilmiş nəzarət orqanlarına;
-- bu Əsasnamənin 5.8-2.1-ci yarımbəndində nəzərdə tutulan məqsədlərlə yanaşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirakın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə.
- Baş İdarənin işçilərinin və onların yaxın qohumlarının təhlükəsizliyi üçün tədbirlərin görülməsini təmin edir;
- korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır və fəaliyyətində aşkarlığı təmin edir;
- korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə və profilaktik tədbirləri həyata keçirir.
Hüquqlar:
- qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və hüquqi şəxslərdən, dövlət orqanlarından, onların vəzifəli şəxslərindən məlumatları, sənədləri və digər materialları tələb edir və götürür, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestri məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verir;
- korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlama aparır, izahatlar alır, zərurət yarandıqda qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilatlarda təftişlərin, inventarlaşdırmaların, ekspertizaların və digər yoxlamaların keçirilməsi üçün tədbirlər görür;
- səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirir;
- korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədilə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş bütün əməliyyat-axtarış tədbirlərini həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirir, zərurət yarandıqda, bu sahədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinə tapşırır və görülmüş tədbirlər barədə məlumat alır;
- korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş prokuror aktlarını tətbiq edir;
- korrupsiya ilə əlaqədar hüquqpozmalar cinayət məsuliyyəti yaratmadıqda, bu hüquqpozmalar və onları törədən şəxslər barədə müvafiq dövlət orqanlarına, yerli özünüidarəetmə orqanlarına, publik hüquqi şəxslərə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına məlumat göndərir;
- digər dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan qurumları və hüquq mühafizə orqanları ilə əməkdaşlıq edir, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində iş aparır, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənir və bu sahədə səmərəli üsul və vasitələrin tətbiqi ilə əlaqədar təkliflər verir;
- korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə korrupsiyanı doğuran səbəb və şəraitin, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır;
- korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verir;
- Baş İdarədə iş yerlərinin və orada yerləşən texniki vasitələrin məlumat sızmasından qorunması, habelə məlumat çıxarılması üçün istifadə olunan vasitələrin aşkarlanması və onların zərərsizləşdirilməsi məqsədilə tədbirlərin görülməsini təmin edir;
- Baş İdarə işçilərini xidməti silah, döyüş sursatı, texniki vasitələr və sair zəruri avadanlıqlarla təmin edir, onların mühafizəsi üçün tədbirlər görür.
- korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərini həyata keçirir, qanunvericiliyi təbliğ edir, korrupsiyaya qarşı mübarizə məsələləri ilə bağlı tədbirlərin və proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış mütəxəssislərlə əməkdaşlıq edir və onları analitik-inforaıasiya işlərinin həyata keçirilməsinə cəlb edir;
- qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirir.