Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi
Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi (bundan sonra –Kodeks) prokurorluq işçiləri üçün etik davranışın qayda və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Fəsil 1. ÜMUMİ MÜDDƏALAR
1. Kodeksin əhatə dairəsi
1.1. Kodeks bütün prokurorluq işçilərinə şamil edilir.
1.2. Hər bir prokurorluq işçisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarını, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanı, Beynəlxalq Prokurorlar Assosiasiyasının prokurorlar üçün müəyyən etdiyi peşə məsuliyyəti, əsas hüquq və vəzifə standartlarını, Prokurorluq işçiləri üçün etika və davranış üzrə Avropa rəhbər prinsiplərini və Cinayət mühakimə sistemində prokurorluğun rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin 6 oktyabr 2000-ci il tarixli 19 saylı Tövsiyələrini rəhbər tutaraq, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla, habelə bu Kodekslə müəyyənləşdirilən davranış qaydalarına riayət etməlidir.
1.3. Prokurorluq işçisi fəaliyyəti dövründə prokurorluq işçisinin andına sadiq olmalı, xidməti işini və işdən kənar davranışını həmin anda və bu Kodeksə uyğun qurmalıdır.
2. Kodeksin məqsədləri
2.0. Bu Kodeksin məqsədləri aşağıdakılardan ibarətdir:
2.0.1. prokurorluq orqanlarının və prokurorluqda qulluq keçmənin nüfuzunun artırılması, vətəndaşların prokurorluq orqanlarına və prokurorluq işçilərinə etimadının yüksəldilməsi;
2.0.2. prokurorluq orqanları və prokurorluq işçilərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;
2.0.3. prokurorluq orqanlarında korrupsiyanın və prokurorluq işçilərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması;
2.0.4. prokurorluq işçiləri tərəfindən etik davranış normalarına əməl olunmasının təmin edilməsi;
2.0.5. prokurorluq işçilərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması.
Fəsil 2. Prokurorluq işçİlərİnİn ETİK DAVRANIŞ Prİnsİplərİ
3. Fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi prinsipi
3.1. Prokurorluq işçilərinin fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.
3.2. Prokurorluq işçisi insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
3.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, prokurorluq işçisi xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.
3.4. Prokurorluq işçisi hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
4. Qanunçuluq prinsipi
Prokurorluq işçisi vəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikasının qanunlarının və digər normativ hüquqi və normativ xarakterli aktlarının tələblərinə ciddi əməl etməlidir.
5. Hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsipi
5.1. Prokurorluq işçiləri tərəfindən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir.
5.2. Prokurorluq işçiləri tərəfindən insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq, güzəştlər və ya imtiyazlar müəyyən etmək, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina etmək qadağandır.
6. Obyektivlik, qərəzsizlik və faktlara əsaslanma prinsipi
6.1. Prokurorluq işçisi xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən faktlara əsaslanmalı, ədalətli və qərəzsiz olmalı, özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.
6.2. Prokurorluq işçisi xidməti fəaliyyətində obyektivliyin təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş hallar mövcud olduqda, müəyyən edilmiş qaydada özünün prosesdən kənarlaşdırılması barədə məsələ qaldırmalıdır.
7. Siyasi bitərəflik prinsipi
7.1. Prokurorluq işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta, siyasi fəaliyyətlə məşğul ola bilməz.
7.2. Prokurorluq işçisi hər hansı siyasi partiyanın və ya təşkilatın üzvü olmamalı, siyasi aksiyalarda iştirak etməməli, siyasi partiyalara maddi və ya digər hər hansı şəkildə dəstək verməməli, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla təşviqatla məşğul olmamalıdır.
7.3. Prokurorluq işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada həmkarlar təşkilatında birləşmək, milli və beynəlxalq təşkilatların fəaliyyətində iştirak etmək hüququna malikdirlər. Prokurorluq işçisi qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ayrı-ayrı fiziki və hüquqi şəxslərin, ictimai birliklərin maraqları dairəsində fəaliyyət göstərməməli, vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən sui-istifadə etməməlidir.
7.4. Prokurorluq işçisinə ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla) struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.
8. İctimai etimad prinsipi
8.1. Prokurorluq işçisi Azərbaycan Respublikasının, prokurorluq orqanının və prokurorluqda qulluğun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.
8.2. Prokurorluq işçisi öz xidməti fəaliyyətində şəxsi maraqlarını cəmiyyətin və peşəsinin mənafelərindən üstün tutmamalıdır.
8.3. Prokurorluq işçisi xidməti fəaliyyəti ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə prokurorluq orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
8.4. Prokurorluq işçisi etik davranış normalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.
9. Vicdanlı davranış prinsipi
9.1. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə prokurorluq işçiləri öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur.
9.2. Prokurorluq işçisi bütün hallarda cəmiyyət üçün vicdanlılıq nümunəsi olmalıdır.
10. Mədəni davranış prinsipi
Prokurorluq işçisi bütün şəxslərə, o cümlədən bilavasitə və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır.
11. Loyallıq prinsipi
11.1. Prokurorluq işçisi onun xidməti vəzifəsinə aid olmadığı hallarda, prokurorluq və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda prokurorluq işçisinin elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.
11.2. Prokurorluq işçisi açıq çıxışlarla bağlı Baş Prokurorluq üzrə müəyyən olunmuş qaydalara əməl etməlidir.
11.3. Prokurorluq işçisi qanunvericilikdə prokurorluqda qulluq keçmə ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.
Fəsil 3. PROKURORLUQ İŞÇİSİNİN XİDMƏTİ DAVRANIŞI İLƏ BAĞLI TƏLƏBLƏR
12. Prokurorluq işçisinin xidməti davranışı
Prokurorluq işçisinin xidməti davranışı prokurorluğun fəaliyyət istiqamətləri üzrə qanunvericiliklə ona həvalə edilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir.
13. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması
13.1. Prokurorluq işçisi xidməti fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıqla yerinə yetirməyə borcludur.
13.2. Prokurorluq işçisinin öz ixtisasını artırması onun qulluq borcu, işçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması üçün tədbirlər görülməsi rəhbər prokuror işçilərinin qulluq vəzifəsidir.
13.3. Prokurorluq işçisi proses iştirakçılarının və digər şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrinə, həmçinin Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya, habelə dövlətin tərəfdar çıxdığı digər beynəlxalq sənədlərlə müəyyən edilmiş insan hüquq və azadlıqlarına dair prinsip və normalara yaxından bələd olmalı, ümumi və hüquqi biliklərini, nəzəri və peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləməli, milli qanunvericilikdə və beynəlxalq hüquqda olan yenilikləri izləməlidir.
13.4. Prokurorluq işçisi etik davranışı və öz peşəkar fəaliyyəti ilə prokurorluq orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
13.5. Prokurorluq işçisi özünə qarşı tələbkar olmalı, üzərinə düşən vəzifələri vaxtında və vicdanla yerinə yetirməli, süründürməçilik hallarına yol verməməlidir.
14. Zorakılıq və qısnama təzahürlərinin yolverilməzliyi
14.1. Xidməti və ya xidmətdənkənar münasibətlərdən asılı olmayaraq prokurorluq işçisi tərəfindən zorakılıq və qısnama təzahürlərinə yol verilməsi qadağandır.
14.2. Prokurorluq işçisinin xidməti münasibətlərdə olan işçini, xidməti və xidmətdənkənar fəaliyyəti ilə əlaqədar digər şəxsləri alçaldan və təhqir edən hər hansı hərəkət və ya hərəkətsizliyə, seksual qısnamaya, cinsi mənsubiyyətdən irəli gələn ayrı-seçkiliyə məruz qoyması yolverilməzdir.
14.3. Prokurorluq işçisi hər hansı şəxsə qarşı seksual qısnamaya, yəni şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə, ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışa yol verməməli, təhrik etməməli və belə davranışa üçüncü şəxslər tərəfindən yol verilməsinə şərait yaratmamalıdır.
14.4. Prokurorluq işçisi ona qarşı yol verilmiş zorakılıq və qısnama təzahürləri, eləcə də narahatlıq doğuran digər hallar barədə bilavasitə rəhbərinə, bilavasitə rəhbər tərəfindən müvafiq tədbir görülmədikdə yuxarı və ya digər aidiyyəti rəhbərə yazılı və ya şifahi qaydada müraciət edə bilər.
14.5. Seksual qısnamaya, habelə zorakılıq və qısnamanın digər təzahürlərinə, eləcə də narahatlıq doğuran digər hallara görə şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına yol verilməməlidir.
15. Maraqlar toqquşmasının qarşısının alınması
15.1. Prokurorluq işçisi qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
15.2. Prokurorluq işçisinin xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, prokurorluğa qulluğa qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.
15.3. Prokurorluq işçisi başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə prokurorluq orqanının rəhbərinə məlumat verməlidir.
15.4. Prokurorluq işçisi maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.
15.5. Prokurorluq işçisi vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydalarını, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə normativ hüquqi və normativ xarakterli aktların tələblərini bilməli, bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə bilavasitə və ya yuxarı rəhbərinə müraciət etməlidir.
16. Korrupsiyanın qarşısının alınması
16.1. Prokurorluq işçisinin qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.
16.2. Prokurorluq işçisi onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.
16.3. Prokurorluq işçisinə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, prokurorluq işçisi onlardan imtina etməlidir.
16.4. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər prokurorluq işçisinə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə bilavasitə rəhbərinə məlumat verməli və maddi və sair nemətlər Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinə akt üzrə təhvil verilməlidir.
16.5. Tərəflərdən biri prokurorluq orqanı olan əqdlər üzrə prokurorluq işçisi digər tərəf ola bilməz.
17. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər
17.1. Prokurorluq işçisi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında“ Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
17.2. Prokurorluq işçisi hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə bilavasitə rəhbərinin rəyini öyrənməlidir.
17.3. Prokurorluq işçisi regional, beynəlxalq və digər xarici tədbirlərdə iştirak edərkən digər ölkələrin və ya beynəlxalq təşkilatların nümayəndələri tərəfindən mövcud protokol və etiket qaydalarına görə onlara verilən hədiyyələri qəbul etdiyi halda bu barədə dərhal onunla birlikdə səfərdə olan nümayəndə heyətinin rəhbərinə, tək ezam olunduğu halda isə ezamiyyətdən geri qayıtdıqdan sonra bilavasitə rəhbərinə məlumat verməlidir.
18. Əmlakdan istifadə
18.1. Prokurorluq işçisi istifadəsində olan dövlət əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.
18.2. Prokurorluq işçisi dövlət əmlakından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməkdən çəkinməli, istifadəsində olan xidməti silah və xidməti vəsiqəsinin saxlanması və gəzdirilməsində məsuliyyətli olmalıdır.
19. Məlumatlardan istifadə
19.1. Prokurorluq işçisi qulluq keçdiyi prokurorluq orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir. Prokurorluq işçisi vəzifələrinin icrası ilə əlaqədar ona məlum olan sirləri və xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatları yaymamalı, vətəndaşların şəxsi həyatına, şərəf və ləyaqətinə toxunan məlumatların gizli saxlanılmasını təmin etməlidir.
19.2. Prokurorluq işçisi prokurorluq orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.
19.3. Prokurorluq işçisi xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
20. Digər prokurorluq işçiləri ilə münasibətlərin xüsusiyyətləri
20.1. Prokurorluq işçisi həmkarları ilə qarşılıqlı hörmət və yardıma söykənən münasibət qurmalı, bir-birinə qarşı münaqişəli və ya qərəzli münasibətin təzahürlərindən çəkinməli və bütün səylərini prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin icrasına yönəltməlidir.
20.2. Prokurorluq işçisinin həmkarlarının işindəki nöqsanlara münasibəti obyektiv yanaşmanı əks etdirməklə özündə hörmət, dözümlülük, təmkinlilik və nəzakətliliyi ehtiva etməlidir.
20.3. Prokurorluq işçisi həmkarlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsini dəstəkləməli və maneə yaratmamalıdır.
20.4. Prokurorluq işçisi rəhbərliklə qulluq münasibətlərində subordinasiyaya, bilavasitə və yuxarı rəhbərinə qarşı münasibətdə tabelik qaydalarına dönmədən riayət etməli və tabeliyində olan işçilərə qarşı nəzakətli, diqqətli və qayğıkeş olmalı, vəzifə səlahiyyətlərindən irəli gələn üstünlüyünü nümayiş etdirməməli, tabeliyində olan işçiləri dini, milli, irqi, cinsi, sosial mənşəyi, habelə tutduğu vəzifəyə görə fərqləndirməməlidir.
21. Əmr, sərəncam, göstəriş və ya tapşırıqların yerinə yetirilməsi
21.1. Prokurorluq işçisi bilavasitə və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı, göstərişi və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.
21.2. Prokurorluq işçisi bilavasitə və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın, göstərişin və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı bilavasitə və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, bilavasitə rəhbərindən bu əmr, sərəncam, göstəriş və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməyə, bilavasitə rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam, göstəriş və ya tapşırıq almasına baxmayaraq, razılaşmadıqda öz əsaslandırılmış etirazını yuxarı rəhbərinə göndərməyə haqlıdır. Bu halda yuxarı rəhbər onun dəlilləri ilə razılaşır və bilavasitə rəhbərin yazılı əmr, sərəncam, göstəriş və ya tapşırığını ləğv edir və ya onun dəlilləri ilə razılaşmayaraq dəyişdirilmədən saxlayır. Bilavasitə rəhbərin əmr, sərəncam, göstəriş və ya tapşırıqlarından edilən etiraz onların icrasını dayandırmır.
21.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
22. Məhkəmə orqanları ilə münasibətlərin xüsusiyyətləri
22.1. Prokurorluq işçisi məhkəmə orqanları ilə qanunvericiliklə müəyyən edilmiş hədlərdə və qaydada prosessual münasibətlər qurmalıdır.
22.2. Prokurorluq işçisi tərəfindən protest verilməsi və ya qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi halları istisna olmaqla, məhkəmə qərarlarının və hərəkətlərinin qanuniliyi və əsaslılığı şübhə altına alınmamalı, onların icrasına mane olunmamalıdır.
22.3. Prokurorluq işçisi prosessual fəaliyyəti həyata keçirərkən proses iştirakçıları ilə etik qaydalar çərçivəsində münasibət qurmağa səy göstərməli, dürüstlük və təmkin nümayiş etdirməli, nitq mədəniyyətinə riayət etməlidir.
23. Digər dövlət orqanları (qurumları) ilə münasibətlərin xüsusiyyətləri
23.1. Prokurorluq işçisi digər dövlət orqanları (qurumları) ilə qanunvericiliklə müəyyən edilmiş hüquqlar, vəzifələr və səlahiyyətlər çərçivəsində münasibət yaratmalıdır. Prokurorluq işçisi dövlətin cinayət hüquq siyasətinin effektli və ədalətli təmini sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq mühafizə və digər dövlət orqanları ilə səmərəli əməkdaşlığı təmin etməlidir.
23.2. Prokurorluq işçisi digər dövlət orqanlarının (qurumlarının) əməkdaşları ilə qarşılıqlı münasibətlərdə qanunun tələblərinə əsaslanmaqla səriştəli, nəzakətli, tələbkar və prinsipial olmalıdır.
23.3. Prokurorluq işçisi digər dövlət orqanları (qurumları) ilə münasibətlər zamanı qanunvericiliklə ona verilmiş imtiyaz və səlahiyyətləri nümayiş etdirməməli, əməkdaşlıqdan şəxsi məqsədləri üçün istifadə etməməlidir.
24. Media ilə münasibətlərin xüsusiyyətləri
24.1. Prokurorluq işçisi medianın prokurorluğun fəaliyyətini işıqlandırmaq istəyinə rəğbətlə yanaşmalı, media subyektlərinin dürüst və obyektiv məlumat almaq hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsinə mane olmamalıdır.
24.2. Prokurorluq işçisinin mediada işıqlandırılmış rəsmi (yazılı və şifahi) çıxışları prokurorluğun rəsmi mövqeyi hesab olunduğundan həmin məlumatlar etibarlı və balanslaşdırılmış olmalı, müzakirələr hüquq normalarına xələl gətirmədən aparılmalı, mediada çıxışlar yalnız Baş Prokurorluğun həmin sahə ilə bağlı fəaliyyəti həyata keçirən qurumu ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Çıxışlar azərbaycan dilinin leksik, qrammatik və fonetik normalarına (aydın, səlis və lakonik) uyğun olmalıdır.
24.3. Prokurorluq işçisi mediada çıxış edərkən aşağıdakı qaydalara riayət etməlidir:
24.3.1. onun səlahiyyətinə aid olmayan məsələlərlə bağlı rəsmi açıqlamalardan, mühakimələrdən və qiymətləndirmələrdən çəkinməli, qanunvericiliklə müəyyən edilmiş qaydada əmlak və digər məxfi məlumatların verilməsinə dair tələblərə riayət etməli, konfidensial məlumatların açıqlanması ilə nəticələnə biləcək hallara yol verməməlidir;
24.3.2. maraqların toqquşmasına səbəb olacaq, siyasi, dini, irqi, milli, etnik, cinsi, sosial düşmənçilik və ya ədavətin, nifrət və ya ayrı-seçkilik, psixi və ya fiziki zorakılıq, seksual, alçaldıcı elementləri olan, özləri, habelə digər şəxslər tərəfindən qəbul edilən qərarlara təsir edə bilən, xidməti vəzifələrin qərəzli icra edilməsi təəssüratı yaradan ifadə və reaksiyalara yol verməməlidir;
24.3.3. təqsirsizlik prezumpsiyasının tələblərinə riayət edilməsini təmin etməlidir;
24.3.4. mediada etdiyi yazılı və ya şifahi çıxışın ciddi potensial nəticələr yaratma imkanını nəzərə almalı, sözlərinin məzmununu və məlumatların mətnini düzgün seçməli, peşəkarlığını qoruyub saxlamalıdır.
25. Vətəndaşlarla münasibətlərin xüsusiyyətləri
25.1. Prokurorluq işçisi vətəndaşlarla ünsiyyət zamanı ədalət mühakiməsinə və prokurorluq orqanlarına olan inamın artırılmasına çalışmalıdır.
25.2. Prokurorluq işçisi icraatında olan işlər üzrə proses iştirakçıları ilə qanunla nəzərdə tutulmayan qeyri-prosessual münasibətlər yaratmamalı, icraatında olan işlərin məqbul və ya qeyri-məqbul həlli nəticəsinə dair maraqlı şəxslərə vədlər verməməlidir.
25.3. Prokurorluq işçisi qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşla prokurorluğun inzibati binasında ünsiyyət qurmağa üstünlük verməlidir.
25.4. Prokurorluq işçisi vətəndaşların qəbulu zamanı qanunamüvafiq şəkildə problemin həlli yolunu izah etməlidir.
25.5. Prokurorluq və ictimaiyyət arasında əlaqələrin inkişaf etdirilməsinə, effektiv dialoqun qurulmasına nail olunmalıdır. Prokurorluq orqanlarının fəaliyyətinin təşkili, əsas istiqamətləri, prinsipləri və meyarları barədə ictimaiyyət məlumatlandırılmalıdır.
25.6. Prokurorluq işçisi qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində iştirak edə bilər.
25.7. Prokurorluq işçisi vətəndaş tərəfindən real təhdid edildikdə təhdidin səbəbi qeyd edilməklə dərhal bilavasitə rəhbəri vasitəsilə Baş Prokurorluğun aidiyyəti qurumuna məlumat verməlidir.
26. Beynəlxalq işgüzar münasibətlərin xüsusiyyətləri
26.1. Prokurorluq işçisi beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində digər dövlətlərin prokurorluq orqanları, həmçinin məhkəmə və hüquq-mühafizə orqanları ilə səmərəli və beynəlxalq normalara uyğun əlaqələr qurur, qanunvericiliklə müəyyən edilmiş qaydada həmkarlarına hərtərəfli kömək göstərir.
26.2. Xarici ölkələrdə rəsmi nümayəndə heyətinin tərkibində və ya tək ezam olunduqda prokurorluq işçisi ezamiyyət məqsədlərinə, o cümlədən iştirakçısı olduğu beynəlxalq tədbirin proqramına riayət etməli, olduğu xarici ölkənin adət-ənənələrini, milli dəyərlərini və qaydalarını gözləməklə, ümumi qəbul edilmiş əxlaq və birgəyaşayış qaydalarına əməl etməli, xarici ölkədə olduğu zaman prokurorluq işçisi adına xələl gətirə biləcək hərəkət və hərəkətsizliyə yol verməməlidir.
Fəsil 4. PROKURORLUQ İŞÇİSİNİN XİDMƏTİ FƏALİYYƏTİNDƏN KƏNAR DAVRANIŞI İLƏ BAĞLI TƏLƏBLƏR
27. Prokurorluq işçisinin xidmətdən kənar davranışının xüsusiyyətləri
27.1. Prokurorluq işçisinin xidməti fəaliyyətindən kənar davranışı onun peşə nüfuzuna kölgə salmamalıdır.
27.2. Prokurorluq işçisi xüsusi geyim formasını, xidməti silahını və xidməti vəsiqəsini nümayiş etdirməklə vətəndaşlara, idarə, müəssisə və təşkilatlara qanunsuz təsir göstərməməli, onlardan sui-istifadə hallarına yol verməməli, iş vaxtından kənar müddətdə ictimai yerlərdə xüsusi geyim formasından istifadəyə məhdudiyyətlər qoymalıdır.
27.3. Prokurorluq işçisi ailə, məişət, maliyyə və digər sahələr üzrə münasibətlərdə yaranan çətinlik və ya anlaşılmazlıqların həlli zamanı yalnız qanuni üsullardan istifadə etməli, dövlət orqanları ilə yaradılmış əməkdaşlıqdan qanunvericiliklə nəzərdə tutulmayan qaydada şəxsi maraqları üçün istifadə etməməlidir.
27.4. Prokurorluq işçisi onun barəsində digər hüquq mühafizə orqanlarında cinayət təqibi, cinayət xarakterli məlumat üzrə araşdırma aparıldığı, məhkəmə qaydasında inzibati xəta haqqında iş üzrə icraata baxıldığı, mülki hüquq və vəzifələri məhkəmə qaydasında müəyyən edildiyi hallarda bu halların ona məlum olduğu andan dərhal, habelə cinayət təqibinin aparılması, ona qarşı inzibati xəta hadisəsinin törədilməsi ilə bağlı şikayət verməmişdən, mülki və ya inzibati-prosessual qaydada məhkəməyə müraciət etməmişdən əvvəl bu barədə bilavasitə rəhbəri vasitəsilə Baş prokurora məlumat verilməsini təmin etməlidir.
28. İctimai fəaliyyət
28.1. Prokurorluq işçisi qanunvericiliklə müəyyən edilmiş qaydada həmkarlar təşkilatında birləşmək, milli və beynəlxalq təşkilatların fəaliyyətində iştirak etmək hüququna malikdir.
28.2. İctimai fəaliyyətlə məşğul olarkən prokurorluq işçisi aşağıda qeyd edilən hallara yol verməməlidir:
28.2.1 vəzifə mövqeyindən və səlahiyyətlərindən ictimai birliyin, milli və beynəlxalq təşkilatların maraqları naminə sui-istifadə etməməlidir;
28.2.2. qulluq mövqeyindən istifadə edərək həmkarlarını ictimai birliklərin fəaliyyətində iştiraka təhrik etməməlidir.
28.3. Prokurorluq işçisi xidməti fəaliyyətinə və prokurorluğun nüfuzuna xələl gətirən ictimai fəaliyyətdən çəkinməlidir.
29. Dini fəaliyyət
29.1. Prokurorluq işçisinin dinə etiqadını sərbəst müəyyən etmək hüququ vardır.
29.2. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlər və dini cərəyanlar istisna olmaqla prokurorluq işçisi hər kəsin dini etiqad azadlığına hörmətlə yanaşmalıdır.
29.3. Prokurorluq işçisi öz dini mənsubiyyətini açıq şəkildə təbliğ etməməlidir.
29.4. Dini fəaliyyətlə əlaqədar prokurorluq işçisi aşağıdakı qaydalara əməl etməlidir:
29.4.1. hər hansı dini təşkilatın və ya təsisatın üzvü olmamalı, dini təşkilat və ya təsisatlara maddi və ya digər hər hansı şəkildə dəstək verməməli və belə dəstək almamalıdır;
29.4.2. qulluq mövqeyindən istifadə edərək həmkarlarını dini təşkilat və ya təsisatın fəaliyyətində iştiraka təhrik etməməlidir;
29.4.3. dini təşkilatların və ya təsisatların struktur bölmələrini yaratmamalı, yaxud yaradılmasına hər hansı formada yardım etməməlidir;
29.4.4. dini ayinləri icra edərkən və dini mərasimlərdə iştirak edərkən ictimai qaydanı pozmamalı və ictimai əxlaqa zidd davranış sərgiləməməlidir.
30. Elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti
30.1. Elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq prokurorluq işçisinin hüququdur.
30.2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün prokurorluq işçisi müvafiq struktur qurumun rəhbəri ilə razılaşdırılmış təqrirlə Baş prokurora müraciət edir.
30.3. Prokurorluq işçisi elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olarkən aşağıdakı qaydalara əməl etməlidir:
30.3.1. qanunvericiliklə müəyyən edilmiş məxfi məlumatları açıqlamamalı, habelə xidməti fəaliyyəti ilə əlaqədar ona məlum olmuş məlumatların konfidensiallığını qorumalıdır;
30.3.2. həmin fəaliyyətin həyata keçirilməsi prokurorluq işçisinin iş yeri üzrə icra intizamının pozulmasına səbəb olmamalı;
30.3.3. xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan məvacib və ya mükafat qəbul etməməlidir.
31. Ailə və məişət məsələləri
31.1. Prokurorluq işçisi Azərbaycan Respublikası Konstitusiyasının 17 və 38-ci maddələrində təsbit olunmuş müddəaları rəhbər tutmaqla, yardıma möhtac olan ailə üzvlərinə kömək etməyə, uşaqlarının qayğısına qalmağa borcludur.
31.2. Prokurorluq işçisi ümumi qəbul edilmiş əxlaq normalarına, ictimai davranış və birgəyaşayış qaydalarına riayət etməlidir.
32. Maliyyə məsələləri
32.1. Prokurorluq işçisi elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz.
32.2. Prokurorluq işçisi qərəzsizliyinə və obyektivliyinə təsir göstərə biləcək maliyyə və işgüzar münasibətlərdən çəkinməli, icra etmək imkanı olmayacağı təqdirdə kredit, borc, pul, kirayə və sair öhdəliklər götürməməli, üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməli, müstəsna hallarda icra edə bilmədikdə bu barədə bilavasitə rəhbərinə dərhal məlumat verməli və səbəblərini bildirməlidir.
32.3. Prokurorluq işçisi qumar oyunlarında, yəni pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlarda (o cümlədən mərclərdə), nüfuzuna, ailə münasibətlərinə, maddi durumuna mənfi təsir edəcəyi və aludəçiliyə səbəb olacağı hallarda isə həmçinin “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalarda və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarında iştirakdan çəkinməlidir.
33. Sosial mediada davranış məsələləri
33.1. Prokurorluq işçisi fərdi sosial media hesablarından istifadə edərkən prokurorluq orqanının əməkdaşı kimi üzərinə düşən məsuliyyət və öhdəlikləri, sosial medianın potensial təhlükələrini nəzərə almalı, bu məqsədlə prokurorluğun cəmiyyətdəki nüfuzuna xələl gətirən hərəkətlərdən yayınmalı, maraqların toqquşmasına səbəb ola biləcək, eləcə də konfidensial məlumatların açıqlanması ilə nəticələnə biləcək hallara yol verməməlidir.
33.2. Prokurorluq işçisi tərəfindən dövlət e-poçt ünvanlarından fərdi sosial media hesablarının qurulması və ya şəxsi kommunikasiyaları üçün istifadə edilməsi yolverilməzdir.
33.3. Prokurorluq işçisi sosial media hesablarından istifadə zamanı paylaşımlar etdikdə aşağıdakı qaydalara riayət etməlidir:
33.3.1. öz fərdi media hesablarında prokurorluğun rəmzlərindən, rəsmi emblemindən istifadə etməməli, xüsusi geyim formasında olan foto və ya videogörüntülərini sosial media hesablarında yerləşdirməməli, gündəlik iş prosesi ilə əlaqədar halları və məlumatları sosial mediada yaymamalıdır;
33.3.2. fərdi sosial media hesablarında iş yeri barədə məlumatlar yalnız prokurorluğun qeyd edilməsindən ibarət olmalı, prokurorluğun fəaliyyətinə aid paylaşdıqları məlumatlar isə qurumun rəsmi veb-saytı və ya sosial media platformalarında rəsmən paylaşılan məlumatlardan artıq olmamalıdır;
33.3.3. fərdi sosial media hesablarında siyasi, dini, irqi, milli, etnik, cinsi, sosial düşmənçilik və ya ədavətin, nifrət və ya ayrı-seçkilik, psixi və ya fiziki zorakılıq, seksual, alçaldıcı elementləri olan, özləri, habelə digər şəxslər tərəfindən qəbul edilən qərarlara təsir edə bilən, xidməti vəzifələrin qərəzli icra edilməsi təəssüratı yaradan postlar, audio və videomateriallar, təsvirlər paylaşmamalı, status, paylaşım və şərhləri bəyənməməli, şərhlər və bloqlar yazmamalıdir;
33.3.4. digər sosial şəbəkə istifadəçiləri tərəfindən edilmiş paylaşımları bəyənərkən və ya şərh edərkən bu şərh və bəyənmələrin (reaksiyaların) geniş yayılma potensialına xüsusi diqqət yetirməli, onların ciddi nəticələr yaratma imkanını nəzərə almalı, sözlərini və məlumatların məzmununu düzgün seçməli, peşəkarlığını qoruyub saxlamalıdır.
33.4. Prokurorluq işçisi açıqlamaq istədiyi postların, şərhlərin və ya bloqlarda qeyd etmək istədiyi məlumatların konfidensial xarakter daşıması, habelə prokurorluq orqanlarının, bütövlükdə ədalət mühakiməsinin mənafelərinə zərər vura bilməsi, ictimai mənafe və ya cəmiyyətin maraqlarına zidd kontentli olub-olmaması barədə qərar verə bilmədikdə, bu barədə bilavasitə rəhbərinə məruzə etməlidir.
Fəsil 5. NƏZARƏT VƏ MƏSULİYYƏT
34. Təminatlar sistemi
34.0. Prokurorluq işçisi tərəfindən etik davranış qaydalarına əməl olunması üçün:
34.0.1. Prokurorluq işçisinin davranışının bu Kodeksə uyğunluğu onun özü, bilavasitə və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir;
34.0.2. Prokurorluq işçisi, onun bilavasitə və ya yuxarı rəhbəri tərəfindən “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş və bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.
35. Nəzarət funksiyası
35.1. Prokurorluq orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti rəhbər vəzifəli işçilər həyata keçirir.
35.2. Bu məqsədlə rəhbər vəzifəli işçilər:
35.2.1. tabeliyindəki işçilərin iş həcmini, xidməti funksiyalarının həcmini və vəzifələrini onların xidməti keyfiyyətlərinə uyğun müəyyən etməlidir;
35.2.2. tabeliyində olan işçilərin əməyinin qiymətləndirilməsində ədalətli və obyektiv olmalıdır;
35.2.3. tabeliyindəki şəxsləri hüquqazidd, ümumi qəbul edilmiş etik normalara uyğun olmayan qərarlar qəbul etməyə və hərəkətlərə sövq etməməlidir;
35.2.4. şəxsi münasibətlər zəminində kadrların seçilməsi və yerləşdirilməsi hallarına yol verməməlidir;
35.2.5. öz xidməti davranışları ilə bu Kodeksə əməl edilməsinə nümunə göstərməlidir;
35.2.6. prokurorluq işçiləri tərəfindən etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirləri müəyyən etməlidir;
35.2.7. xidməti davranış qaydalarının pozulmasına görə intizam tənbehlərinin tətbiqi ilə bağlı səlahiyyəti daxilində məsələ qaldırmalıdır;
35.2.8. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə prokurorluq orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir;
35.2.9. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.
36. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət
36.1. Kodeksin tələblərinin pozulması prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
36.2. Prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb edilməsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları” ilə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
36.3. Prokuroluq işçisi barəsində etik davranış icraatı Etik Davranış Komissiyası tərəfindən həyata keçirilir. Etik Davranış Komissiyası prokurorluq işçisi tərəfindən Kodeksin tələblərinin pozulması barədə məlumatları yoxlayır, təsdiq olunduğu halda pozuntuya yol vermiş prokurorluq işçisi barəsində intizam tənbehinin tətbiq edilməsi barədə Baş prokurora təqdimatla müraciət edir.
36.4. Prokurorluq işçilərinin etik davranışı ilə bağlı bu Kodekslə nəzərdə tutulmayan məsələlər “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları” ilə tənzimlənir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu