Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət istiqamətləri

Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 133. Azərbaycan Respublikasının Prokurorluğu 


I. Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.

II. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

III. Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

IV. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının Prokurorunu Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

V. Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir. 

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası

Maddə 46. Naxçıvan Muxtar Respublikası Prokurorluğu


I. Naxçıvan Muxtar Respublikası Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada qanunların eyni cür və dürüst icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.

II. Naxçıvan Muxtar Respublikası Prokurorluğu ərazi prokurorlarının Naxçıvan Muxtar Respublikası prokuroruna və Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

III. Naxçıvan Muxtar Respublikası prokurorunu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təklifi əsasında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin edir.

IV. Ərazi və ixtisaslaşdırılmış prokurorları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Azərbaycan Respublikası Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir.

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 4. Prokurorluğun fəaliyyət istiqamətləri 

 

Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada:

  • cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir;
  • cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir; 
  • təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir;
  • məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;
  • məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir;
  • məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir;
  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir;
  • məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.

 

Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir.


Maddə 5. Prokurorluğun fəaliyyətinin əsas prinsipləri 

Prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
 

  • qanunçuluq;
  • hər kəsin qanun qarşısında hüquq bərabərliyi;
  • fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi;
  • obyektivlik, qərəzsizlik və faktlara əsaslanma;
  • vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının Baş prokuroruna tabe olması;
  • siyasi bitərəflik.
     

Maddə 14. Naxçıvan Muxtar Respublikasının Prokurorluğu 

Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna Naxçıvan Muxtar Respublikasının prokuroru rəhbərlik edir.

Naxçıvan Muxtar Respublikasının prokuroru Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə tə`yin və vəzifədən azad edilir.

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, böyük köməkçiləri və köməkçiləri vardır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda şö`bələr və digər struktur bölmələri yaradıla bilər. Bu şö`bələrə Naxçıvan Muxtar Respublikası prokurorunun böyük köməkçiləri hesab edilən şö`bə rəisləri, prokurorlar və müstəntiqlər tə`yin edilə bilər.

Naxçıvan Muxtar Respublikası prokurorluğunun işçilərini bir qayda olaraq Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatı ilə Baş prokuror vəzifəyə tə`yin və vəzifədən azad edir.

Naxçıvan Muxtar Respublikasının prokuroru bu Qanunda və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasının prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası Naxçıvan Muxtar Respublikasının prokurorluq işçiləri üçün məcburidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda məşvərətçi orqan olan və Naxçıvan Muxtar Respublikasının prokuroru rəhbərlik edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kollegiyası yaradılır.

Kollegiyanın tərkibinə Naxçıvan Muxtar Respublikasının prokuroru, onun müavinləri, şö`bə rəisləri və digər rəhbər işçilər daxildirlər.

Kollegiyanın tərkibini Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatı əsasında Azərbaycan Respublikasının Baş Prokuroru təsdiq edir.

Kollegiya öz səlahiyyətləri çərçivəsində bu Qanunun 11-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.