Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək Məsələləri Komissiyası

Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyasının 30.07.2020-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Baş prokurorunun 30.07.2020-ci il tarixli 10/82 nömrəli əmri ilə icraya yönəldilmiş “İşin Təşkili Qaydaları”na uyğun olaraq Baş Prokurorluğun struktur qurumu olmayan, Ad hoc qurum hesab edilən Əmək Məsələləri Komissiyasıın üzvlüyünə namizədlər Baş Prokurorluğun Kollegiyasında seçilir.

Əmək məsələləri komissiyası prokurorluq işçilərinə maddi yardım, müalicə haqqı və digər əlavələrin ödənilməsini, prokurorluq işçilərinin həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması hadisələrinin xidməti vəzifələrin icrası ilə bilavasitə bağlı olub-olmaması, rütbələrə və prokurorluq orqanlarındakı qulluq illərinə görə prokurorluq işçilərinin vəzifə maaşına əlavə haqqın və sığorta ödənişlərinin verilməsinə dair məsələlərə baxılmasını, habelə “silahlı qüvvələr veteranı” və “müharibə veteranı” adlarının, müvafiq veteran vəsiqəsinin verilməsi ilə bağlı rəyin, “əmək veteranı” adının və vəsiqəsinin verilməsini təmin edən Ad hoc qurumdur.

Azərbaycan Respublikasının Baş prokuroru Komissiyanın 5 (beş) üzvünü Baş Prokurorluğun Kollegiyasında təsdiq olunmuş namizədlər sırasından təyin edir.  Komissiyanın 6-cı üzvü Baş Prokurorluğun Birləşmiş Həmkarlar İttifaqının nümayəndəsidir.

Əmək Məsələləri Komissiyası bir qayda olaraq, ayın birinci və üçüncü həftəsinin cümə günlərində toplanır. Komissiya iclaslarını digər vaxtlarda da keçirə bilər.

Komissiyanın baxdığı məsələlər barədə müraciət və aidiyyəti sənədlər elektron qaydada:

elektron poçt (kadr@prosecutor.gov.az) ünvanına göndərilir və ya

Baş Prokurorluğun veb-saytının müvafiq bölməsinə yüklənilir.

Zərurət olduğu halda sənədlər kağız formasında təqdim edilir.

Müraciətlər Əmək Məsələləri Komissiyasının Katibliyi funksiyasını yerinə yetirən Baş Prokurorluğun Kadrlar İdarəsində qeydiyyata alınır. Müraciət göndərmiş şəxsə eyniləşdirmə nömrəsi verilir.

Komissiyanın iclasları Komissiyanın ən azı 5 (beş) üzvü iştirak etdikdə səlahiyyətli hesab edilir. Komissiyanın qərarları açıq səsvermə qaydasında sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Komissiya sədrinin səsi həlledici sayılır. Komissiyanın sədri olmadıqda sədr müavini onu əvəz edir.

Komissiyanın qərarından Azərbaycan Respublikasının Baş prokuroruna və ya məhkəməyə şikayət verilə bilər. Komissiyanın qərarı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən ləğv olunduqda məsələyə Komissiyanın iclasında yenidən baxılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.