Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi kriptoaktivlərlə bağlı beynəlxalq təlimdə iştirak edib

20.11.2026

17–19 noyabr 2026-cı il tarixlərində Rumıniyanın Buxarest şəhərində Avropa Şurasının Kibercinayətkarlıq Proqramı Ofisi tərəfindən “CyberSEE” layihəsinin dəstəyi ilə “Kriptoaktivlər üzrə hakim və prokurorlar üçün təlim” mövzusunda beynəlxalq tədbir təşkil edilib. Təlimdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Babək Zakirzadə iştirak edib.

35 dövlətin nümayəndələrinin qatıldığı təlimdə kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, kriptoaktivlərlə əlaqəli cinayətlərin transsərhəd araşdırılması, elektron sübutların əldə edilməsi və müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Təlim çərçivəsində kriptoaktivlərin cinayət mühakimə icraatında rolu, onların qanunsuz dövriyyəsi ilə əlaqədar yaranan hüquqi və praktiki çətinliklər, blokçeyn texnologiyasının əsas prinsipləri, habelə rəqəmsal aktivlərlə bağlı cinayətlərin araşdırılmasında beynəlxalq hüquqi mexanizmlərin tətbiqi məsələləri nəzərdən keçirilib.

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standart və tələblərə, eləcə də kriptoaktiv xidmət təminatçılarının fəaliyyətinin hüquqi tənzimlənməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Bundan savayı, kriptoaktivlərdən istifadə edilməklə törədilən dələduzluq və digər maliyyə cinayətlərinin aşkar edilməsi və araşdırılması, blokçeyn əməliyyatlarının təhlili, rəqəmsal izlərin müəyyənləşdirilməsi, elektron sübutların əldə olunması, mühafizəsi və cinayət prosesində istifadəsi, həmçinin kriptoaktivlərin üzərinə həbs qoyulması və müsadirəsi prosedurları ilə bağlı hüquqi və praktiki məsələlər ətraflı müzakirə edilib.

Təlimdə maliyyə monitorinqi orqanları, banklar, kriptoaktiv xidmət təminatçıları və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, beynəlxalq hüquqi yardım mexanizmlərindən səmərəli istifadə və transsərhəd araşdırmalar zamanı yaranan çətinliklərin aradan qaldırılması yollarına da geniş yer ayrılıb.

Proqram çərçivəsində nəzəri təqdimatlarla yanaşı, konkret cinayət işi nümunəsi əsasında praktiki tapşırıqlar yerinə yetirilib, iştirakçılar arasında təcrübə mübadiləsi və müzakirələr aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.