Şriftin ölçüsü :
Saytın rəngi :
12-13 noyabr 2026-cı il tarixlərində Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (PGG) III Proqramı üzrə icra olunan “Şərq tərəfdaşlığı regionunda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə tədbirlərinin gücləndirilməsi” layihəsi çərçivəsində Fransanın Strasburq şəhərində aktivlərin qaytarılması və idarə olunmasına həsr olunmuş mövzuda Azərbaycan, Moldova, Ukrayna və Ermənistandan olan müvafiq qurumların iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinin böyük prokuroru Əhməd Həsənov təmsil edib.
Tədbir zamanı iştirakçı ölkələr tərəfindən aktivlərin bərpası və idarə edilməsi sahəsində müsbət təcrübə və çətinliklərə dair təqdimat olmuş, eyni zamanda bu sahədə atılmış sonuncu addımlar müzakirə edilib.
Bundan başqa tədbir zamanı “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” 2005-ci il tarixli Varşava Konvensiyasına yeni əlavə edilmiş 15 May 2026-cı il tarixli Protokolun müzakirəsinə xüsusi yer verilib.
Avropa Şurasının beynəlxalq eksperti İoannis Androulakis xüsusi olaraq Protokolun Varşava Konvensiyasının yenilənməsinə, həmçinin maliyyə araşdırması, əmlakın idarə edilməsi, genişləndirilmiş müsadirə, məhkumluğa əsaslanmayan müsadirə, üçüncü tərəflərdən müsadirə kimi yeni alətlərin predmeti olmuş aktivlərin qaytarılmasına dair qarşılıqlı hüquqi yardımın icrası prosesinin optimizasiyasına xidmət etməsini bildirib.
Tədbirin yekununda Şərq tərəfdaşlığı regionu ölkələrinin Avropa İttifaqına üzv və digər ölkələr ilə cinayət aktivlərinin bərpası sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün aktivlərin bərpası və idarə edilməsi sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsi və yeni çağırışlara cavab verə bilmə imkanına malik olmasının zəruriliyi vurğulanıb.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı