Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 12–13 noyabr tarixlərində Tacikistan Respublikasının Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya qarşı Mübarizə Agentliyinin ev sahibliyi ilə Düşənbə şəhərində II Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Forumu və BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının (UNCAC) icrası üzrə Regional Platformanın 3-cü illik konfransı keçirilib.
Tədbirlərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Rail Bayramlı və Baş İdarənin böyük prokuroru Ziya Hacıyev iştirak ediblər.
Forum Tacikistan Respublikası Baş nazirinin birinci müavininin açılış nitqi ilə başlayıb. Tədbirdə Qırğız Respublikasının Baş prokurorunun birinci müavini, Belarus Respublikası Baş prokurorunun müavini, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Əfqanıstan, Mərkəzi Asiya, İran və Pakistan üzrə regional nümayəndəsi və digərləri çıxış ediblər.
Forumun işində beynəlxalq təşkilatların, dünyanın 15 ölkəsinin korrupsiyaya qarşı mübarizə orqanlarının, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Nümayəndələrimizin təqdimatlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində görülən işlərə geniş yer verilib. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Forumda maliyyə auditinin korrupsiyanın qarşısının alınması və aşkar edilməsində rolu, maliyyə nəzarəti qurumları ilə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq sahəsində Azərbaycan təcrübəsi təqdim olunub. Baş İdarənin fəaliyyəti, maliyyə əməliyyatlarının araşdırılması, sübutların toplanılması və vurulmuş ziyanın müəyyənləşdirilməsində mütəxəssis təhlillərinin əhəmiyyəti barədə məlumat verilib.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Regional Platforması çərçivəsində keçirilən konfransda Konvensiyanın ölkəmizdə icrası, xüsusilə 2023–2026-cı illərdə aparılan hüquqi və institusional islahatlar təqdim olunub.
Korrupsiya risklərinin idarə edilməsi, dövlət xidmətlərinin və prokurorluq fəaliyyətinin rəqəmsallaşdırılması, maliyyə araşdırmaları və cinayət yolu ilə əldə edilmiş aktivlərin geri qaytarılması üzrə görülən işlərdən bəhs edilib. Azərbaycanın korrupsiya cinayətləri ilə əlaqədar hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi sahəsində əldə etdiyi praktiki nəticələr iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb. Həmçinin maraqlar toqquşmasının qarşısının alınmasına dair qanunvericilik təşəbbüsləri və “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində nəzərdə tutulan mexanizmlər xüsusi maraq doğurub.
Konfrans çərçivəsində qarşıdakı dövr üçün əməkdaşlıq perspektivləri və Konvensiyanın icrasına dair təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı