Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı və Şəki rayonlarında təhsil işçiləri üçün antikorrupsiya təlimləri keçirilib

12.11.2026

Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Şamaxı və Şəki rayonlarında “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlimlər keçirilib.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil olunan təlimlərdə Dağlıq Şirvan və Şəki-Zaqatala regional təhsil idarələri üzrə ümumilikdə 120 təhsil işçisi iştirak edib.

Tədbirlərdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev, Mərkəzin şöbə rəisi Nigar Qələndərli, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov, Şəki rayon prokuroru Anar Nəsibov və Şamaxı rayon prokuroru Müşfiq Səfərov çıxış ediblər. Çıxışlarda Milli Fəaliyyət Planının əsas hədəfləri, təhsildə dürüstlük və şəffaflığın təmin edilməsi, maarifləndirmənin və qurumlararası əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamilli, Baş İdarənin böyük prokuroru Ziya Hacıyev və Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadənin təqdimatlarında korrupsiyanın mahiyyəti və cəmiyyətə təsiri, təhsil sahəsində korrupsiya hüquqpozmalarının qarşısının alınması, etik davranış qaydaları və maraqlar toqquşması məsələləri izah olunub.

Sonda fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.