Şriftin ölçüsü :
Saytın rəngi :
Cari il 30 oktyabr tarixində Avstriyanın Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) Tərəflər Assambleyasının 15-ci sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov və Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlidən ibarət nümayəndə heyəti iştirak edib.
Sessiya çərçivəsində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində mövcud və yeni yaranan çağırışlar, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də institusional potensialın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Həmçinin Akademiyanın fəaliyyəti və inkişaf perspektivləri, 2027-ci il üçün büdcəsi, maliyyə dayanıqlığının təmin edilməsi və resursların səfərbər olunması istiqamətində tədbirlər nəzərdən keçirilib.
Sessiyanın gündəliyində korrupsiyaya qarşı mübarizənin effektivliyinin qiymətləndirilməsi, bu sahədə innovativ texnologiyalardan və məlumatlara əsaslanan yanaşmalardan istifadə, habelə beynəlxalq tərəfdaşlığın genişləndirilməsi məsələləri xüsusi yer tutub. İclas çərçivəsində Akademiyanın gələcək fəaliyyət istiqamətləri ilə bağlı qətnamə layihələri, o cümlədən Tərəflər Assambleyasının 2027-ci ildə keçirilməsi nəzərdə tutulan 16-cı sessiyasının gündəliyi müzakirəyə çıxarılıb.
Baş prokurorun müavini çıxışında ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nəticələri barədə Assambleya üzvlərinin diqqətinə çatdırıb. O cümlədən “Elektron Prokurorluq” informasiya sistemi (EPİS) və onun cinayətkarlığa qarşı mübarizədə tətbiqi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı çərçivəsində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər, həmçinin mövcud qanunvericilik islahatları, xüsusən “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsinin parlamentdə müzakirə olunması barədə ətraflı məlumat verilib.
Bundan başqa, Assambleyi üzvləri nümayəndə heyəti tərəfindən cari ilin 27–28 oktyabr tarixlərində Bakı şəhərində Baş Prokurorluğun ev sahibliyi ilə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü və həmin görüş çərçivəsində “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığı haqqında” Məkkə əl-Mükərrəmə Konvensiyasının Azərbaycan Respublikası tərəfindən imzalanması barədə məlumatlandırılıb.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı