Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi EPAC/EACN-nin 25-ci illik konfransında iştirak edib

09.10.2026

Cari ilin 5-7 oktyabr tarixlərində Monteneqronun Budva şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsinin (EACN) 25-ci illik Peşəkar Konfransı və Baş Assambleyasının iclası keçirilib.​

EPAC/EACN və Monteneqronun Korrupsiyanın Qarşısının Alınması Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30-dan çox ölkənin 85-dən artıq qurumundan 180-dən çox nümayəndə, o cümlədən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi İsfəndiyar Hacıyev iştirak edib.​​​​​​

“İctimai dürüstlüyün və Avropa İttifaqının maliyyə maraqlarının qorunması: korrupsiya, dələduzluq və qanun pozuntularına qarşı praktiki əməkdaşlıq” mövzusuna həsr olunmuş konfransda Avropa Komissiyası, OECD, UNODC, Avropa Prokurorluğu (EPPO), Eurojust, eləcə də müxtəlif ölkələrin korrupsiyaya qarşı mübarizə qurumlarının nümayəndələri iştirak ediblər.
​​
Konfrans çərçivəsində korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, dövlət vəsaitlərinin qorunması, məlumat mübadiləsinin təkmilləşdirilməsi, korrupsiya risklərinin müəyyən edilməsində süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi, habelə korrupsiyaya qarşı mübarizə qurumlarının institusional müstəqilliyi və korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi məsələləri müzakirə olunub.​​

Nümayəndəmiz konfrans çərçivəsində aparılan müzakirələrdə iştirak etmiş, habelə bir sıra xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri ilə keçirilən görüşlər zamanı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmışdır.​​​ Baş Assambleyanın iclasında Monteneqronun Ali Dövlət Prokurorluğunun EPAC-a üzvlüyü təsdiqlənib, həmçinin növbəti, 26-cı illik konfransın 2027-ci il 25-26 may tarixlərində Litvanın Vilnüs şəhərində keçirilməsi qərara alınıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.