Şriftin ölçüsü :
Saytın rəngi :
22 sentyabr 2026-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin 133-cü maddəsi hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətinin əsaslarını və cinayət əməlinin hüquqi nəticələrini aydın və birmənalı şəkildə müəyyən etməklə şəxsin davranışının tənzimlənməsinə və əməllərinin hansı hüquqi nəticəyə səbəb olacağının proqnozlaşdırıla bilinməsinə təminat yaratmışdır. Bununla da, həmin norma şəxsin fiziki və psixi toxunulmazlığının, ləyaqətinin və sağlamlığının müdafiəsinə xidmət etməklə, Konstitusiyanın 26-cı maddəsi, 32-ci maddəsinin I hissəsi, 60-cı maddəsi və 71-ci maddəsinin I və II hissələri ilə nəzərdə tutulan insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi, şəxsi toxunulmazlıq hüququ, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ilə bağlı dövlət vəzifələrinin həyata keçirilməsinə xidmət edir.
Həmin qərara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş qanunçuluq prinsipinin tələbləri, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin prinsiplə bağlı formalaşdırdığı hüquqi mövqelər baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi, 26-cı maddəsi, 28-ci maddəsinin I hissəsi, 32-ci maddəsinin I hissəsi, 60-cı maddəsi, 71-ci maddəsinin I və II hissələri ilə ziddiyyət təşkil etmir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin dispozisiyasında əks edilmiş döymə əməlinin obyektiv cəhətinin zəruri əlaməti olan “mütəmadilik” anlayışı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə müvafiq olaraq təqsirkarın vahid niyyəti ilə əhatə olunan, müəyyən zaman kəsiyində üç dəfə və ya daha çox həyata keçirilən, güclü fiziki ağrı ilə nəticələnən hərəkətlər arasında daxili qarşılıqlı əlaqənin mövcudluğunu nəzərdə tutur.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı