Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda vəkilliyə namizədlər üçün maarifləndirici tədbir keçirilib

08.10.2026

Oktyabrın 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Vəkillər Kollegiyasına qəbul üzrə ixtisas imtahanını müvəffəqiyyətlə başa vurmuş 72 namizədin iştirakı ilə maarifləndirici seminar keçirilib.

Seminar zamanı iştirakçılara Azərbaycan Prokurorluğunun tarixi inkişaf yolu, müasir strukturu və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Cinayət təqibinin həyata keçirilməsi, ibtidai araşdırmaya prosessual rəhbərlik, dövlət ittihamının müdafiəsi, habelə insan hüquq və azadlıqlarının qorunmasında prokurorluq orqanlarının rolu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində kibercinayətkarlıq və kibertəhlükəsizlik sahəsində aktual məsələlərə dair videoçarxlar nümayiş etdirilib.

Daha sonra namizədlər Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılmış müasir infrastruktur və tədris imkanları ilə tanış olublar. İştirakçılara kriminalistika laboratoriyasının fəaliyyəti, istintaq hərəkətlərinin praktiki tədrisi üçün nəzərdə tutulmuş xüsusi otaqlar, zəngin hüquqi ədəbiyyat fonduna malik kitabxana, eləcə də Vətən müharibəsinə həsr olunmuş memorial qalereya barədə məlumat verilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminar iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.