Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 61 və 71-ci maddələri, habelə hüquqi müəyyənlik prinsipi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” ifadəsinin mülki mühakimə icraatında iştirak edən vəkili də əhatə edib-etməməsi məsələsinə münasibətdə şərh etmişdir

07.10.2026

21 sentyabr 2026-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki mühakimə icraatında nümayəndə qismində iştirak edən vəkilin də peşə fəaliyyəti ədalət mühakiməsinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, vəkil hüquqi yardım göstərdiyi şəxsin hüquq və qanunla qorunan mənafelərinin müdafiəsinə xidmət edir və onun peşə fəaliyyətinə qanunsuz müdaxilə məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsinə mənfi təsir göstərə bilər.

Bu baxımdan mülki mühakimə icraatında hüquqi yardım göstərən vəkillərin peşə fəaliyyəti ilə əlaqədar zor tətbiqi, hədə-qorxu və digər təzyiq hallarından müdafiəsinə dair xüsusi cinayət-hüquqi təminatların nəzərdə tutulmasının qanunvericilik qaydasında həll edilməsi zəruridir.

Belə tənzimləmə, bir tərəfdən, vəkilin məhkəmə icraatlarında hüquqi yardım göstərmək funksiyasının müdafiəsinə, digər tərəfdən isə cinayət-hüquqi normaların hüquqi müəyyənlik prinsipinə uyğun tətbiqinə xidmət edər. 

Həmin qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 61 və 71-ci maddələrinin, habelə hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirən, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərən vəkili ehtiva edir.

Hüquqi yardım göstərən digər vəkillərin, o cümlədən mülki mühakimə icraatında iştirak edən vəkilin peşə fəaliyyəti ilə əlaqədar hədə-qorxu və hüquqazidd təsirlərdən cinayət-hüquqi müdafiəsinə dair xüsusi təminatların müəyyən edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.