Şriftin ölçüsü :

Saytın rəngi :

Roma şəhərində mədəni sərvətlərin qanunsuz dövriyyəsinə həsr olunmuş beynəlxalq seminar keçirilib

28.09.2026

24–25 sentyabr 2026-cı il tarixlərində İtaliyanın Roma şəhərində Avropa İttifaqının Ədliyyə Əməkdaşlığı Agentliyinin (Eurojust) Qərbi Balkan Cinayət Ədliyyəsi (WBCJ) Layihəsi tərəfindən İtaliyanın Mədəni İrsin Mühafizəsi üzrə Karabinyerlər Komandanlığı ilə əməkdaşlıq çərçivəsində mədəni sərvətlərin qanunsuz dövriyyəsinə həsr olunmuş beynəlxalq seminar keçirilib.
 
TOPCOP və WB PACT II layihələrinin iştirakı ilə təşkil olunan tədbirdə Qərbi Balkan ölkələri və Azərbaycanın da daxil olduğu Şərq Tərəfdaşlığı ölkələrinin hüquq-mühafizə, məhkəmə və gömrük orqanlarının nümayəndələri iştirak ediblər.
 
Seminar çərçivəsində mədəni sərvətlərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması və təqibi, müasir cinayət tendensiyaları, praktiki iş nümunələri, habelə dövlətlər arasında sərhədlərarası hüquqi və hüquq-mühafizə əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.
 
Seminarda iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Orxan Qazızadə tərəfindən ölkəmizdə mədəni sərvətlərlə bağlı cinayətlərin araşdırılması sahəsində mövcud təcrübə, praktiki yanaşmalar və qarşıya çıxan əsas çətinliklər barədə məlumat verilib, müxtəlif ölkələrin nümayəndələri ilə fikir və təcrübə mübadiləsi aparılıb.
 
Tədbir iştirakçılarına Eurojust və WBCJ Layihəsinin təqdim etdiyi hüquqi əməkdaşlıq və dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.
 
Eyni zamanda mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində beynəlxalq təcrübə mübadiləsinin aparılması, peşəkar əlaqələrin genişləndirilməsi və dövlətlərarası əməkdaşlığın daha da gücləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.