Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndə heyəti Strasburqda beynəlxalq tədbirdə iştirak edib

25.09.2026

Cari ilin 22-23 sentyabr tarixlərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Günay Süleymanova və Preventiv tədbirlər və tədqiqat idarəsinin prokuroru Ozal Həsənovdan ibarət nümayəndə heyəti Avropa Şurasının İqtisadi Cinayətkarlıq və Əməkdaşlıq Bölməsi (ECCD) tərəfindən Fransanın Strasburq şəhərində təşkil olunan “Kripto-aktivlərin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsində istifadəsinin araşdırılması üzrə hüquq-mühafizə strategiyaları və təcrübəsi” mövzusunda regional dəyirmi masada ekspert qismində iştirak ediblər.

Tədbirdə kripto-aktivlər və mərkəzləşdirilməmiş maliyyə (DeFi) sistemlərindən çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və digər iqtisadi cinayətlərin törədilməsində istifadə olunması ilə bağlı müasir çağırışlar, habelə rəqəmsal sübutların toplanması, qorunması və istifadəsi, kripto-aktivlərin izlənilməsi və müsadirəsi, blokçeyn analitikası və transsərhəd əməkdaşlıq məsələləri müzakirə edilib.

Dəyirmi masa çərçivəsində nümayəndələrimiz ölkəmizdə korrupsiya və digər iqtisadi cinayətlərin araşdırılması, cinayət yolu ilə əldə edilmiş əmlakların müəyyən edilməsi, izlənilməsi və müsadirəsi, habelə rəqəmsal sübutlarla iş sahəsində formalaşmış praktiki təcrübə barədə məlumat verərək fikir mübadiləsinə töhfə veriblər.

Görüşdə iştirak edən müxtəlif ölkələrin hüquq-mühafizə və məhkəmə orqanlarının nümayəndələri arasında praktiki təcrübə mübadiləsinin aparılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və kripto-aktivlərdən cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə imkanlarının təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.