Şriftin ölçüsü :
Saytın rəngi :
Uzun müddət prokurorluq orqanlarında xidmət etmiş Azərbaycan Prokurorluğunun veteranı Cavadov İsgəndər Cavad oğlunun 70 illik yubileyinin tamam olması ilə əlaqədar 23 sentyabr 2026-cı il tarixdə Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Heydər Məmmədov, Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və digər əməkdaşlar iştirak ediblər.
Baş prokuror çıxış edərək İsgəndər Cavadovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bununla yanaşı İsgəndər Cavadovun uzun illər ərzində prokurorluq orqanlarında səmərəli xidmət göstərdiyini, Azərbaycan idmanının inkişafına mühüm töhfələr verdiyini, xüsusilə gənclər arasında sağlam həyat tərzinin formalaşdırılması, idmana marağın və fəallığın təşviq olunmasında mühüm rol oynadığını vurğulayıb.
Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov çıxışlarında İsgəndər Cavadovun idman sahəsində uzun illər ərzində göstərdiyi fəaliyyətdən, əldə etdiyi uğurlardan və gənc nəslin idmana marağının artırılması istiqamətində gördüyü işlərdən söz açaraq, onun öz fəaliyyəti və həyat yolu ilə gənclər üçün örnək və nümunə olduğunu vurğulayıblar. Çıxış edənlər İsgəndər Cavadovu 70 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və uzun ömür arzulayıblar.
Çıxış edən İsgəndər Cavadov yubileyi münasibətilə söylənilən xoş sözlərə və təbriklərə görə təşəkkürünü bildirib. O, ölkə başçısının diqqət və qayğısını hər zaman hiss etdiyini qeyd edərək, bunun bariz nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmasını vurğulayıb. Həmçinin idman sahəsində fəaliyyəti dövründə Ümummilli Lider Heydər Əliyevin daim yüksək ehtiram və dəstəyini hiss etdiyini xüsusi qeyd edib.
İsgəndər Cavadov prokurorluq orqanlarında qulluq keçmənin qürurverici olduğunu bildirərək, veteran prokurorluq işçilərinə daim göstərilən dəstək və hörmətə görə dərin minnətdarlığını ifadə edib.
Görüşdə, həmçinin, tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və sonda xatirə şəkli çəkdiriblər.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı