Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndələri BƏƏ-nin Dubay şəhərində təşkil edilmiş “GISEC Global 2026” tədbirində iştirak edib

21.09.2026

Azərbaycan Respublikası Baş prokurorunun böyük köməkçisi Şəmşir Şəmşirli və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev 16–18 sentyabr 2026-cı il tarixlərində Yaxın Şərq və Afrikanın ən böyük illik kibertəhlükəsizlik tədbiri olmaqla Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “GISEC Global 2026” adlı beynəlxalq kibertəhlükəsizlik üzrə sərgi və konfransında iştirak ediblər. 

Dünyanın müxtəlif ölkələrindən kibertəhlükəsizlik üzrə rəhbər şəxsləri və mütəxəssisləri bir araya gətirən tədbirdə kibercinayətlərin araşdırılması, süni intellektin kibertəhlükəsizlik sahəsində artan rolu, açıq mənbələrdən kəşfiyyat (OSINT), rəqəmsal kəşfiyyat və bu istiqamətlərdə yeni texnologiyaların tətbiqi məsələləri müzakirə olunub, beynəlxalq təcrübə öyrənilib.

Həmçinin nümayəndə heyəti kibertəhlükəsizlik üzrə rəhbər şəxslər üçün təşkil edilmiş qapalı sessiyalarda iştirak edib, aparıcı texnologiya şirkətlərinin, ixtisaslaşmış həll təchizatçılarının və innovativ startapların nümayəndələri ilə görüşlər keçirib. 

Görüşlər zamanı təqdim olunan məhsul və texnoloji həllərlə tanışlıq olub, kibertəhlükəsizlik sahəsində mövcud çağırışlar və yeni yanaşmalar barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.