Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 16-18 sentyabr tarixlərində İtaliya Respublikasının Roma şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) və İtaliya Respublikasının Milli Antikorrupsiya Qurumunun (ANAC) birgə təşkilatçılığı ilə Antikorrupsiya Qurumlarının Effektivliyinin Ölçülməsi üzrə Avropa Konfransı keçirilib.
İrlandiya, Avstriya, Ukrayna, Gürcüstan, Birləşmiş Krallıq, Malta, Macarıstan və digər ölkələrin antikorrupsiya qurumlarının rəhbərlərinin, beynəlxalq təşkilatların, akademik dairələrin, vətəndaş cəmiyyəti təşkilatlarının və milli statistika orqanlarının nümayəndələrinin qatıldığı tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Emin Mürsəliyev iştirak etmişdir.
Roma şəhərinin meri Roberto Gualtieri və Beynəlxalq Antikorrupsiya Akademiyasının dekanı Drago Kos açılış nitqləri ilə çıxış edərək korrupsiyaya qarşı mübarizənin əhəmiyyətini, xüsusilə antikorrupsiya qurumlarının fəaliyyətinin effektivliyinin və korrupsiya risklərinin qiymətləndirilməsinin vacibliyini vurğulamışlar.
Konfrans çərçivəsində keçirilmiş “Korrupsiyaya qarşı mübarizə orqanlarının səmərəliliyinin ölçülməsi üzrə milli təcrübələr (hüquq-mühafizə orqanlarının fəaliyyəti aspektində)” sessiyasında çıxış edən Emin Mürsəliyev Beynəlxalq Antikorrupsiya Akademiyasının həyata keçirdiyi mühüm fəaliyyəti və korrupsiyaya qarşı mübarizə orqanlarının fəaliyyətinin səmərəliliyinin ölçülməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq milli səviyyədə korrupsiyaya qarşı mübarizə üzrə səylərin səmərəliliyinin qiymətləndirilməsi və gücləndirilməsi istiqamətində Azərbaycanın təcrübəsi haqqında ətraflı məlumat vermişdir.
Nümayəndəmiz daha sonra ölkəmizin hazırkı antikorrupsiya siyasətinin Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət PIanı" çərçivəsində həyata keçirildiyini, sözügedən sənədin korrupsiya risklərinin qiymətləndirilməsi, maraqlar toqquşması və digər qabaqlayıcı tədbirlər kimi əsas istiqamətləri əhatə etdiyini, korrupsiya risklərinin müəyyənləşdirilməsi və idarə olunmasına dair yanaşmanı daha da gücləndirəcək növbəti Milli Fəaliyyət Planının və korrupsiya risklərinin qiymətləndirilməsi üzrə milli çərçivənin hazırlanması istiqamətində işlərin aparıldığını, həmçinin dövlət sektorunun müəyyən sahələrində rüşvətxorluğa qarşı beynəlxalq idarəetmə standartlarının ayrı-ayrı elementlərindən istifadə olunduğunu diqqətə çatdırmışdır.
Bundan başqa konfrans çərçivəsində nümayəndəmiz tərəfindən Baş İdarənin strukturu və fəaliyyət istiqamətləri, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə rəqəmsallaşmadan istifadənin bariz nümunəsi olan - Elektron prokurorluq informasiya sistemi haqqında ətraflı məlumat verilmişdir.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı