Şriftin ölçüsü :
Saytın rəngi :
Sentyabrın 18-də İsmayıllı rayon prokurorluğunda media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə “Açıq Qapı” günü keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd prokurorluğun fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının artırılması, vətəndaşlarla birbaşa ünsiyyət imkanlarının genişləndirilməsi, hüquqi maarifləndirmənin təşviqi və prokurorluq orqanlarının fəaliyyətində açıqlıq və şəffaflıq prinsiplərinin nümayiş etdirilməsi olub.
Görüşdə çıxış edən İsmayıllı rayon prokuroru Tural Yusifov “Açıq Qapı” günlərinin prokurorluğun fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması, hüquqi biliklərin artırılması və vətəndaşlarla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, prokurorluq tərəfindən həyata keçirilən fəaliyyətin əsas istiqamətləri, vətəndaşların müraciətlərinə baxılması və onların hüquq və qanuni mənafelərinin müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib.
Daha sonra iştirakçılara prokurorluq orqanlarının strukturu, səlahiyyətləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov respublika üzrə prokurorluq orqanlarının fəaliyyəti, həyata keçirilən institusional islahatlar və müasir idarəetmə yanaşmaları barədə danışıb. O, prokurorluq orqanlarının ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi, media ilə əməkdaşlığın inkişaf etdirilməsi və cəmiyyətin operativ və obyektiv məlumatlandırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Kənan Zeynalov, həmçinin müasir informasiya mühitində prokurorluq orqanlarının media və ictimaiyyətlə kommunikasiyasının əhəmiyyətindən bəhs edib, bu istiqamətdə qarşıda duran vəzifələr barədə məlumat verib.
Görüş zamanı İsmayıllı rayon prokurorluğunun əməkdaşları fəaliyyət istiqamətləri üzrə təqdimatlar keçirib, iştirakçıların hüquqi prosedurlar, müraciətlərə baxılması və prokurorluğun gündəlik fəaliyyəti ilə bağlı suallarını cavablandırıblar.
“Açıq Qapı” günü çərçivəsində iştirakçılara “Elektron prokurorluq” informasiya sistemi, eləcə də prokurorluq orqanlarının istifadəsində olan müasir kriminalistik avadanlıqlar nümayiş etdirilib. Avadanlıqların istintaq və araşdırma zamanı tətbiqi barədə əyani məlumat verilib.
Tədbirin davamında iştirakçılar İsmayıllı rayon prokurorluğunun inzibati binası ilə tanış olublar.
Sonda xatirə fotosu çəkilib.














Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı