Şriftin ölçüsü :

Saytın rəngi :

Özbəkistan Respublikasının Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

20.07.2026

Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfər çərçivəsində Fəxri xiyabanı ziyarət edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət etmişdir.

Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüşlər.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşev arasında geniş tərkibdə görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan yüksək səviyyəli qarşılıqlı etimada və siyasi iradəyə əsaslanan dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə dinamik inkişaf etdiyi məmnunluqla vurğulanmışdır. 

Bildirilmişdir ki, dövlət başçılarının həyata keçirdikləri məqsədyönlü siyasət hüquq-mühafizə orqanları arasında əməkdaşlığın da keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə əlverişli zəmin yaratmışdır.

Baş prokuror Kamran Əliyev Azərbaycan və Özbəkistan xalqları arasında əsrlər boyu formalaşmış ortaq tarixi, milli-mənəvi dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan qardaşlıq münasibətlərinin dövlətlərarası əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişafına mühüm töhfə verdiyini qeyd etmiş, prokurorluq orqanları arasında formalaşmış səmərəli əməkdaşlığın cinayət mühakimə icraatının səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin edilməsi və transmilli cinayətkarlığa qarşı mübarizə baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Görüş zamanı Azərbaycan Respublikası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ilin sentyabr ayında Özbəkistan Respublikasına səfəri, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının VI iclasında, eləcə də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının IV iclasında iştirakı məmnunluqla xatırlanmış, həmin səfərin iki ölkənin prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmlənməsinə və çoxtərəfli hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilmişdir.

Tərəflər ikitərəfli hüquqi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə etmiş, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyən edilməsi, üzərinə həbs qoyulması və müsadirəsi, transmilli mütəşəkkil cinayətkarlıq, korrupsiya, kibercinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, insan alveri və digər müasir cinayət təzahürlərinə qarşı mübarizə, habelə rəqəmsal texnologiyaların tətbiqi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışlar.

Görüş çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Özbəkistan Respublikası Baş Prokurorluğu arasında 2027–2028-ci illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanmışdır. Proqram iki ölkənin prokurorluq orqanları arasında institusional əməkdaşlığın daha da möhkəmləndirilməsinə, qarşılıqlı səfərlərin, birgə təlimlərin, ekspert mübadiləsinin və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyətin genişləndirilməsinə xidmət edir.

Niqmatilla Yuldoşev göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Özbəkistan Respublikasının Baş Prokurorluğunun Azərbaycan Respublikası Baş Prokurorluğu ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verdiyini, bu əlaqələrin bundan sonra da yüksələn xətt üzrə davam etdirilməsi üçün bütün zəruri səylərin göstəriləcəyini vurğulamışdır.

Görüş zamanı Azərbaycan və Özbəkistan prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi mühüm töhfələr nəzərə alınaraq Niqmatilla Yuldoşevə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı təqdim edilmişdir.

Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyi ilə tanış olmuş, prokurorluq orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, institusional islahatlar və müasir fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.