Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

16.07.2026

İyul ayının 16-da Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2026-cı ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirə iştirakçıları tərəfindən şəhər prokurorluğunun inzibati binasında  Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilməklə xatirəsinə ehtiram əlaməti olaraq tər güllər düzülmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi, eləcə də Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən iqtisadi, sosial və humanitar layihələrin ölkənin davamlı inkişaf strategiyasının reallaşdırılmasında mühüm rol oynadığını, cəmiyyətin bütün sahələrində tərəqqi və inkişafa nail olunduğunu vurğulamışdır. 

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar, paytaxtın prokurorluq orqanlarının da bu mühüm tədbirlərdə yaxından iştirak etməsi, 14 may 2026-cı il tarixdə Xətai rayon prokurorluğunda, 5 iyun 2026-cı il tarixdə Yasamal rayon prokurorluğunda media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə “Açıq Qapı” günlərinin keçirildiyi və  bu mövzuda tədbirlərin davam etdiriləcəyi qeyd olunmuşdur. 

Əməliyyat müşavirəsində Azərbaycan Respublikasının Baş prokurorunun müəyyənləşdirdiyi vəzifələrin icrası üzrə Bakı şəhərinin prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, 2026-cı ilin birinci yarımilıi  ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 6909 törədilmiş cinayət hadisəsi qeydiyyata alınmışdır ki, onların 93,2 %-nin açılması təmin olunmuşdur.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2026-cı ilin birinci yarımilində paytaxt ərazisində törədilən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilmişdir. 

Bildirilmişdir ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 120 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 70 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir. Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 3148 cinayət işinin istintaqı tamamlanaraq, 2338 iş məhkəmələrə göndərilmişdir. 

Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat məbləğində maddi ziyanın 6 milyon 432 min 712 manatı və ya 73,2 %-nin ödənilməsi təmin edilmişdir. 

Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində həyata keçirilən tədbirlərin intensivliyinin artırılması barədə konkret tapşırıqlar verilmişdir.

Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunmuş, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanmışdır.

Hesabat dövründə Bakı şəhər prokurorluğuna 10573 müraciət daxil olaraq baxılmış, ümumilikdə 1299 vətəndaş qəbulu həyata keçirilmiş, onlardan 173  nəfər Bakı şəhər prokuroru tərəfindən qəbul edilmişdir. 

“Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin prokurorluq orqanlarında işin səmərəliliyinin artırılmasına müsbət təsiri qeyd olunmaqla, bütün prokurorluq işçilərinin cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsinin təşkili prosesinə hazır olmalarının vacibliyi vurğulanmışdır. 

Bakı şəhər prokurorluğunun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda ötən illərdən bağlı qalmış qəsdən adam öldürmə cinayətlərinin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılmışdır.

Həmçinin hesabat dövründə prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilməklə, Bakı şəhər prokurorluq orqanlarının 1 əməkdaşının intizam tənbeh tədbiri qismində tutduğu vəzifədən azad olunması qeyd edilmişdir.  

Əməliyyat müşavirəsində Bakı şəhər prokurorunun müavinləri və tabe rayon prokurorları hesabat məruzəsi ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat vermiş, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirmişlər.

Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə etmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.