Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun əməkdaşları Çində keçirilən Beynəlxalq Prokurorlar Yay Akademiyasında iştirak edib

10.07.2026

Cari ilin 28 iyun – 10 iyul tarixlərində Çin Xalq Respublikasının Çjençjou şəhərində yerləşən Milli Prokurorlar Kollecinin Henan filialı tərəfindən təşkil olunan “Beynəlxalq Prokurorlar Yay Akademiyası”nda Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları – Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin  şöbə rəisi Əmir Ocaqverdiyev və Baş Prokurorluğun idarə prokuroru Orxan Şirinli iştirak ediblər.

Beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Çin Xalq Respublikası, İndoneziya, Monqolustan, Tayland, Vyetnam və digər ölkələrin prokurorluq orqanlarının nümayəndələri iştirak edib.

Tədbir çərçivəsində iştirakçılar üçün Çin hüquq sisteminin xüsusiyyətləri, prokurorluq orqanlarının fəaliyyəti, cinayət mühakimə icraatında prokurorların rolu, istintaqa prosessual rəhbərlik, cinayət işləri üzrə ittihamın müdafiəsi, hüquqi nəzarət mexanizmləri və ictimai maraqlar naminə məhkəmə iddiaları institutu ilə bağlı mühazirələr və praktiki məşğələlər təşkil olunub.

Yay akademiyasının proqramına müasir hüquqi çağırışlara həsr olunmuş mövzular da daxil edilib. 

Bununla yanaşı, tədbir iştirakçıları Henan Əyalət Xalq Prokurorluğu, Henan Ali Xalq Məhkəməsi, yerli prokurorluq orqanları və digər qurumlarda təşkil olunan səfərlər çərçivəsində rəqəmsal prokurorluq sistemləri, işlərin idarə olunması mexanizmləri, ictimai maraqların müdafiəsi üzrə məhkəmə iddialarının tətbiqi, ekoloji və mədəni irsin qorunması sahəsində prokurorluq fəaliyyətinin təşkili ilə bağlı qabaqcıl təcrübə ilə tanış olublar.

Tədris proqramı çərçivəsində həmçinin Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun nümayəndələrinin iştirakı ilə Çin prokurorluq sisteminin təşkili, prokurorluq orqanlarının funksiyaları və fəaliyyət istiqamətləri barədə təqdimatlar keçirilib.

Tədbirin yekununda keçirilmiş forum və təcrübə mübadiləsi sessiyasında iştirakçı ölkələrin nümayəndələri öz dövlətlərinin hüquq sistemləri, prokurorluq orqanlarının fəaliyyəti və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə təqdimatlarla çıxış ediblər.

Beynəlxalq Prokurorlar Yay Akademiyasında iştirak zamanı müxtəlif ölkələrin prokurorluq nümayəndələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparılıb, hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Sonda tədbirin iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.