Şriftin ölçüsü :

Saytın rəngi :

Süni intellekt və rəqəmsal transformasiya dövründə ictimai dəyərlərə həsr edilmiş beynəlxalq forumda Azərbaycan Prokurorluğu təmsil olunub

22.06.2026

Cari ilin iyun ayının 19-u Qazaxıstanın Dövlət Qulluğu Məsələləri Agentliyinin təşəbbüsü ilə Astana şəhərində “İnsanlar. Perspektivlər. Süni intellekt və rəqəmsal transformasiya dövründə ictimai dəyərlər” mövzusunda keçirilmiş beynəlxalq forumda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin şöbə rəisi Akif Məmmədyarov iştirak edib.

Təcrübə mübadiləsi və dövlət qulluğunun inkişafına müasir yanaşmaların müzakirəsi üçün bir məkan təqdim edən bu tədbirdə müxtəlif ölkələrdən rəhbər vəzifəli şəxslər, insan resurslarının idarə edilməsi, rəqəmsallaşma və süni intellekt sahəsindəki mütəxəssislər bir araya gəlib. 

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakçılara ünvanladığı salamlama məktubu ilə açılışı olmuş forumda qeyd edilib ki, Qazaxıstan meritokratiya prinsiplərinin təşviqinə, kadr proseslərinin şəffaflığının təmin edilməsinə, yüksək peşəkar etika standartlarının və korrupsiyaya qarşı mübarizə mədəniyyətinin inkişafına, dövlət sektorunda dürüstlük və bütövlük dəyərlərinin formalaşdırılmasına böyük əhəmiyyət verir.

Tədbirdə səlahiyyətli orqanların nümayəndələri vasitəsilə Avropa Şurasının GRECO təşkilatı, BMT-nın İnkişaf Proqramı, Türkiyə, Rumıniya, Çin, Birləşmiş Krallıq, İordaniya, Yaponiya, Kipr, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Portuqaliya, Türkmənistan, Finlandiya, Sinqapur, Monteneqro və digər ölkələr təmsil olunub.

Qeyd edilməlidir ki, sözügedən forum insan resursları siyasətinin təkmilləşdirilməsi, müasir insan resursları alətlərinin tətbiqi və dövlət sektorunda insan resurslarının idarə edilməsinin keyfiyyətinin artırılması üçün vacib beynəlxalq platformadır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.