Şriftin ölçüsü :
Saytın rəngi :
Çətin həyat şəraitində olan şəxslər müxtəlif sosial, psixoloji və yaşayış çətinlikləri ilə üzləşən və dövlətin xüsusi sosial müdafiəsinə ehtiyacı olan şəxslərdir.
“Sosial xidmət haqqında” Qanunun 7-ci maddəsinə əsasən, aşağıdakı hallardan azı biri mövcud olduqda şəxs (və ya ailə) çətin həyat şəraitində hesab olunur və sosial xidmət almaq hüququna malikdir:
* valideyn himayəsindən məhrum olmuş uşaqlar, əlilliyi olan uşaqlar, baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar;
* xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan, habelə onlara qulluq və köməklik göstərə biləcək yaxın qohumu və ya qanuni nümayəndəsi olmayan şəxslər;
* insan alverinin, məişət zorakılığının, cinsi istismar və ya cinsi zorakılığın qurbanı olan şəxslər;
* müəyyən yaşayış yeri olmayan, eləcə də internat tipli müəssisələri tərk etdikdən sonra sığınacaq problemi yaşayan şəxslər;
* sosial yadırğama və sosial məhrumiyyət vəziyyətində olan şəxslər.
Bu kateqoriyaya aid şəxslər sosial xidmətlərdən istifadə etmək, xidmətin forma və şərtləri barədə məlumat almaq, sosial xidmət müəssisəsini seçmək, xidmətə razılıq vermək və ya imtina etmək, şərəf və ləyaqətə hörmət olunmasını tələb etmək, şəxsi məlumatların məxfiliyinin təmin edilməsini istəmək, habelə ödənişsiz psixoloji yardım almaq hüququna malikdirlər.
Bununla yanaşı, sosial xidmət alan şəxslərin müəyyən vəzifələri də vardır. Onlar sosial xidmətin göstərilməsi üçün düzgün və tam məlumat təqdim etməli, həyat şəraitində baş verən dəyişikliklər barədə aidiyyəti qurumları vaxtında məlumatlandırmalı, müəssisələrin daxili intizam qaydalarına əməl etməli və sosial işçilərə hörmətlə yanaşmalıdırlar.
Sosial xidmət sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur və tətbiq edilən sanksiya cərimə formasında müəyyən edilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı