Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsini həmin Məcəllənin 41.2-ci maddəsi və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh etmişdir

05.06.2026

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2026-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək şəxsin cəzanı real olaraq çəkmədən də islah oluna biləcəyini nəzərə alaraq bu cinayət-hüquqi vasitədən istifadənin mümkünlüyünü müəyyən etmişdir.
 
Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 79.1-ci maddəsində “uşağı olan qadınlar” sözlərindən sonra, “habelə səkkiz yaşına (hal-hazırda on dörd yaşına) çatmamış uşağını təkbaşına böyüdən kişilər” sözləri əlavə edilmişdir. Cəzasının çəkilməsi təxirə salınan şəxslərin sırasına azyaşlı uşaqları təkbaşına böyüdən kişilərin əlavə edilməsi bu institutun qadının fizioloji vəziyyəti ilə yox, məhz uşaqların mənafeyi ilə bağlı olduğunu bir daha təsdiq edir.
 
Uşaqların müdafiəsi Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsi olmaqla Konstitusiyanın 17-ci maddəsinin VI hissəsində uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etməsi təsbit edilmişdir.
 
Qanunverici tərəfindən Cinayət Məcəlləsinin 79-cu maddəsində göstərilən şəxslərə münasibətdə xüsusi qaydanın müəyyənləşdirilməsi məhz uşaqların müdafiəsi, onların hüquqlarının realizəsinə  imkan yaradılması ilə bağlıdır.
 
Hamilə qadınların cəzasının çəkilməsinin təxirə salınmasında dövlətin güddüyü məqsəd məhz doğulacaq uşağın fiziki-psixi sağlamlığının təmin edilməsi olduğundan, hamiləliyin pozulduğu halda cəzanın çəkilməsinin təxirə salınma şərti aradan qalxmış olur və nəticədə həmin şəxs digər qadın məhkumlarla eyni hüquqi vəziyyətə düşür.
 
Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 8.1 və 41.2-ci maddələri).
 
Göstərilənlərə əsasən cəzanın çəkilməsinin təxirə salındığı dövrdə hamiləliyin pozulması halı məhkəmə tərəfindən cəzaçəkmənin təxirə salınmasının ləğvi üçün əsas kimi çıxış edir və hamiləliyin pozulması istər cəzanın məqsədləri, istərsə də cəzaların icrası qanunvericiliyinin prinsipləri baxımından məhkumun cəzadan vaxtından əvvəl azad edilməsini və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsini şərtləndirən hal kimi qiymətləndirilə bilməz.
 
Eyni zamanda, məhkəmə tərəfindən məsələyə baxılarkən cəzanın çəkilməsinin təxirə salınması üçün başqa əsasın, yəni hamiləliyi pozulmuş qadının himayəsində on dörd yaşınadək digər uşağının olub-olmaması nəzərə alınmalıdır.
 
Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2026-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  5.1, 8.1, 41.2-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin tələbləri baxımından cəzanın çəkilməsinin təxirə salındığı dövrdə hamiləliyin pozulması halı məhkəmə tərəfindən cəzaçəkmənin təxirə salınmasının ləğvi üçün əsasdır. Bu hal məhkumun cəzanın çəkilməmiş hissəsindən azad edilməsini və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasını şərtləndirə bilməz.
 
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.3-cü və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilir.
 
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.