Şriftin ölçüsü :

Saytın rəngi :

#Hüquqimaarifləndirmə #İnsanHüquqlarıAylığı #HumanRightsMonth - Cinayət mühakimə icraatında yetkinlik yaşına çatmayanların fərdi məlumatlarının konfidensiallığının təmin edilməsi və media subyektlərinin məsuliyyəti

04.06.2026

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ibtidai araşdırma mərhələsində əldə edilən məlumatların yayılması ciddi hüquqi qaydalarla tənzimlənir. Bu qaydaların əsas məqsədi şəxslərin, xüsusilə də yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin qorunmasını təmin etməkdir.

Cinayət-Prosessual Məcəlləsinin 222.7-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı ilə yol verilir. Bu norma uşaqların şəxsiyyətinin və həssas məlumatlarının istintaq prosesində qorunmasına xidmət edən mühüm hüquqi təminatlardan biridir.

Eyni zamanda, “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, media subyektləri ibtidai araşdırma materiallarını və cinayət təqibi ilə bağlı sənədləri müvafiq icazə olmadan yaya bilməzlər. Yetkinlik yaşına çatmayanlarla bağlı məlumatların yayılması isə yalnız qanuni nümayəndələrin yazılı razılığı əsasında mümkündür.

Bu hüquqi mexanizmlər həm ibtidai araşdırmanın məxfiliyinin və obyektivliyinin qorunmasına, həm də uşaqların şəxsi həyatının toxunulmazlığının təmin edilməsinə xidmət edir. Beləliklə, media azadlığı həyata keçirilərkən uşaqların hüquq və mənafelərinin müdafiəsi prioritet prinsip kimi nəzərə alınır.

Qanunvericilik yetkinlik yaşına çatmayanların adı, görüntüsü və cinayət təqibi ilə bağlı məlumatlarının icazəsiz yayılmasını qadağan etməklə onların psixoloji və sosial təhlükəsizliyinin qorunmasını təmin edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.