Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçləri təbrik edilib

02.06.2026

Azərbaycan Prokurorluğunun veteranları Sabir Rəcəbovun 80, Vüqar Kazımovun isə 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından onlara təbrik məktubları təqdim edilib.

Görüş zamanı veteran prokurorlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına göstərilən diqqət və qayğı nəticəsində prokurorluğun maddi-texniki bazasının möhkəmləndiyini, həmçinin prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd ediblər.

Sabir Rəcəbov 1967-ci ildə prokurorluq orqanlarına qulluğa qəbul olunub, əvvəllər Bakı şəhərinin Yasamal, Səbail, Nəsimi, Nərimanov rayonları, eləcə də İsmayıllı və Şamaxı rayon prokurorluqlarında, Bakı şəhər prokurorluğunda müstəntiq, böyük müstəntiq və prokuror köməkçisi, Azərbaycan Respublikasının Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, Baş Prokurorluğun müxtəlif idarə və şöbələrində prokuror vəzifələrində işləyib.

Vüqar Kazımov 1979-cu ildə prokurorluq orqanlarına qulluğa qəbul olunub, əvvəllər Rusiya Federasiyası Perm vilayəti prokurorluğunda müstəntiqi və böyük müstəntiq, Perm vilayəti prokurorluğunun Cinayət işlərinə məhkəmələrdə baxılması üzərində nəzarət şöbəsinin prokuroru, Perm vilayəti Berezniki şəhər prokurorunun müavini vəzifələrində çalışıb, daha sonra keçirilmə qaydasında Azərbaycan Prokurorluğuna işə qəbul edilərək Respublika Prokurorluğunun müxtəlif idarə və şöbələrində prokuroru, habelə Astara rayon prokuroru vəzifələrində işləyib.

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.