Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) Konfransında iştirak edib

23.05.2026

Cari ilin 13-15 may tarixlərində Macarıstanın Budapeşt şəhərində Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Komissiyasının (ICAC), Macarıstanın Dürüstlük Qurumunun (IA), İtaliyanın Milli Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının (ANAC) və Yunanıstanın Milli Şəffaflıq Qurumunun (NTA) birgə təşkilatçılığı ilə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) Birinci Avropa Regional Konfransı keçirilib.

IAACA-ya üzv antikorrupsiya qurumlarının nümayəndələri, Avropa İttifaqı institutlarının və OECD-nin yüksək vəzifəli rəsmiləri, habelə 30-dan artıq ölkədən beynəlxalq ekspertlər və müvafiq sahə üzrə mütəxəssislərin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Əflatun Hüseynov təmsil edib.

Konfrans zamanı rəqəmsal texnologiyalar və süni intellekt sahəsində yaranan yeni korrupsiya riskləri ilə mübarizə, qanunvericiliyin uyğunlaşdırılması, müxtəlif sektorlar arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də dürüstlük və şəffaflığın təmin olunması istiqamətində beynəlxalq təcrübə və müasir yanaşmalar ətrafında müzakirələr aparılıb.

Tədbirdə çıxış edən nümayəndəmiz Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və hüquqi islahatlar, rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi, həmçinin bu istiqamətdə qəbul olunmuş dövlət strategiyasının əsas prioritetləri barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbir çərçivəsində iştirakçılar arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb, antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.