Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Milli genofondun və sosial rifahın təmini: narkomaniya, erkən nikah və psixoloji böhranların qarşısının alınmasında strateji hədəflər” mövzusunda panel iclas keçirilib

08.05.2026

7 may 2026-cı il tarixdə Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində Ağdaş rayon İcra Hakimiyyəti və Ağdaş rayon prokurorluğunun birgə təşkilatçılığı ilə “Milli genofondun və sosial rifahın təmini: narkomaniya, erkən nikah və psixoloji böhranların qarşısının alınmasında strateji hədəflər” mövzusuna həsr olunmuş panel iclas keçirilib.
 
Tədbirdə rayon İcra Hakimiyyətinin, prokurorluq və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti dövlət strukturunun nümayəndələri, habelə pedaqoji kollektivlər, tələbələr və ictimai fəal gənclər iştirak ediblər.
 
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Spikerlər Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayon prokuroru Anar Əliyev, rayon polis şöbəsinin rəisi Vəfalı Həsənalıyev və Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Səbinə Rəşidova erkən nikahların cəmiyyətin mənəvi sütunlarına vurduğu zərər və ailə institutunun qorunması istiqamətində həyata keçirilən tədbirlər, əhalinin psixoloji sağlamlığının qorunması və böhran anlarında göstərilən peşəkar dəstək mexanizmləri, narkomaniya ilə mübarizənin ümummilli vəzifə olması və gənclərin zərərli vərdişlərdən uzaq tutulması üçün görülən işlərdən bəhs ediblər.
 
Müzakirələr zamanı spikerlər mövzu üzrə ünvanlanan spesifik sualları cavablandırıb, qarşıda duran strateji hədəfləri diqqətə çatdırıblar.

İnteraktiv formatda davam edən tədbirdə iştirakçıların rəy və təklifləri dinlənilib, sosial rifahın yüksəldilməsi və neqativ halların qarşısının alınması istiqamətində qurumlararası koordinasiyanın əhəmiyyəti vurğulanıb.
 
Qeyd olunub ki, milli genofondun qorunması hər bir vətəndaşın və dövlət qurumunun qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.