Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları Tanzaniyada beynəlxalq tədbirdə iştirak edib

06.05.2026

Cari ilin 4-6 may tarixlərində Tanzaniya Birləşmiş Respublikasının Dar es Salaam şəhərində Şərqi Afrika Prokurorları Assosiasiyasının (EAAP) 11-ci İllik Ümumi Yığıncağı və Konfransı çərçivəsində “Ekoloji cinayətlərin və transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınmasında texnologiyanın tətbiqi” mövzusunda tədbir keçirilib.

Tədbirdə ölkəmizi Bakı şəhər prokuroru Elşən Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tanzaniya Birləşmiş Respublikasının Baş naziri Dr. Mwigulu Lameck Nchemba  açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlamaqla tədbirin vacibliyini vurğulayıb və bütün iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Elşən Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinə qarşı mübarizə və dayanıqlı inkişaf məsələlərinin dövlət siyasətinin strateji prioritetləri kimi müəyyən edildiyini, bu sahədə ən mühüm tədbir kimi 2024-cü ildə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində keçirilən COP29 konfransına ev sahibliyi etməklə qlobal iqlim gündəliyinə sadiqliyini və bu istiqamətdə beynəlxalq əməkdaşlığa verdiyi töhfəni bir daha nümayiş etdirdiyini vurğulayıb.

Nümayəndələrimiz daha sonra COP 29 çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən, “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiyanın keçirilməsi, 2024-cü ildə ölkəmizdə keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağında da müxtəlif xüsusi sessiyaların təşkil edilməsi, o cümlədən ekoloji cinayətlər və digər transmilli cinayətkarlıq növləri üzrə müzakirələrin aparılması barədə məlumat verib.

Bundan başqa tədbir çərçivəsində “Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə virtual aktivlərin rolu üzrə prokurorluq yanaşması” mövzusunda keçirilmiş sessiyada nümayəndə heyəti tərəfindən qeyd olunan mövzu üzrə çıxışlar edilərək Azərbaycan Respublikasının sözügedən sahədə olan təcrübəsi barədə məlumat verilib.

Daha sonra nümayəndə heyəti Keniya, Tanzaniya, Ruanda, Uqanda, Somali, Konqo dövlətlərinin baş prokurorları və “EUROJUST”ın vitse-prezidenti ilə ikitərəfli görüşlər keçirib.

Konfransın sonunda Assosiasiyanın 2026-2027-ci illər üzrə Strateji Planı qəbul edilib və növbəti konfransa sədrliyin Uqanda Respublikası tərəfindən həyata keçirilməsi qərara alınıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.