Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 28 və 60-cı maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6 və 447.2-ci maddələrini əlaqəli şəkildə şərh etmişdir

05.05.2026

17 aprel 2026-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət-prosessual qanunvericilikdə tutulma üçün 48 saatlıq müddətin müəyyən edilməsi həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı cinayət təqibini həyata keçirən orqanlar tərəfindən sübutların toplanılması və digər ilkin istintaq hərəkətlərinin aparılması üçün nəzərdə tutulmuş müddət olmaqla, şəxsin azadlıq hüququnun əsassız məhdudlaşdırılmasının qarşısının alınmasına xidmət edir. Bu baxımdan azadlıq hüququnun məhdudlaşdırılması hallarına məhkəmə nəzarətinin həyata keçirilməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. 

Şəxsin azadlıq hüququnun, eləcə də istintaq və məhkəmə orqanlarının fəaliyyətinin qanuniliyinin və əsaslılığının təmin edilməsi məqsədilə 48 saatlıq müddət çərçivəsində həmin orqanlar arasında ağlabatan vaxt bölgüsünün aparılması məqsədəmüvafiqdir. Bu isə yalnız qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsi vasitəsilə mümkündür. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə görə məhkəmə icraatı ilə bağlı məsələlərə dair ümumi qaydaların müəyyənləşdirilməsi Azərbaycan Respublikası Milli Məclisinin müstəsna səlahiyyətindədir. 

Həmin qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququnun təminatı baxımından, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə edilmiş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 447.2-ci maddəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxılması üçün müəyyən edilmiş 24 saat əlavə müddət olmamaqla, həmin Məcəllənin 148.6-cı maddəsinə uyğun olaraq şübhəli şəxs qismində tutulma üçün müəyyən edilmiş 48 saatlıq müddətlə ehtiva olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə uyğun olaraq, istintaq orqanları və məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələnin obyektiv və hərtərəfli araşdırılması üçün onlar arasında 48 saatlıq müddət çərçivəsində ağlabatan vaxt bölgüsünün müəyyənləşdirilməsi və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.