Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2026-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində nəzərdə tutulan “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışları şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alındığı yaşayış yerini nəzərdə tutur. Şəxs hər hansı səbəbdən qeydiyyatdan çıxdıqda isə məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən edilir.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Cinayət-Prosessual Məcəllənin 74.3-cü maddəsi ilə ərazi üzrə məhkəmə aidiyyətinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yerinə görə müəyyənləşdirilməsinə baxmayaraq, bəzi hallarda təqsirləndirilən şəxsin (məsələn əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin) ölkə ərazisində ümumiyyətlə yaşayış yeri üzrə qeydiyyatı olmaya bilər. Bu kimi hallarda məhkəmə aidiyyəti məsələsi qeyri-müəyyən qalmaqla, qanunvericilikdə boşluq kimi qiymətləndirilməlidir. Belə boşluq isə məhkəmədə işlərə ağlabatan müddətdə baxılması prinsipinin pozulmasına səbəb ola, son nəticədə Konstitusiyada təsbit edilmiş müvafiq insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün məhdudiyyətlər yarada bilər.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 74.3-cü maddəsi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin qanunvericilik qaydasında təkmilləşdirilməsi məqsədəmüvafiqdir.
Həmin qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin hüquqi təyinatından və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərindən irəli gələrək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.3 və 522.6-cı maddələrində ərazi üzrə məhkəmə aidiyyətini müəyyən edən “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan sənədlərdə göstərilən yaşayış yerini ehtiva edir.
Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin, hüquqi müəyyənlik prinsipinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla:
-təqsirləndirilən şəxs Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata alınmadığı halda xaricdə törədilməsi ehtimal olunan cinayətə dair işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü maddəsinin təkmilləşdirilməsi;
-Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.3 və 522.6-cı maddələrində nəzərdə tutulan “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışlarının, həmçinin 74.1-ci maddəsində əks olunmuş “cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan” ifadəsinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 25.5, 54.2 və 56.0.2-ci maddələrinin tələblərinə uyğunlaşdırılması məqsədilə həmin maddələrdə müvafiq dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı