Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda “Elektron sübutlar və müasir kriminalistika” mövzusunda təlim keçirilib

25.04.2026

24 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq əməkdaşlarının informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Elektron sübutlar və müasir kriminalistika: prokurorluq əməkdaşları üçün praktik yanaşmalar” mövzusunda növbəti təlim keçirilib.

Təlim zamanı “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın icrası kontekstində rəqəmsal kriminalistikanın aktual məsələləri, elektron sübutların cinayət təqibi üzrə toplanması, saxlanılması və qiymətləndirilməsi mexanizmləri, kibertəhlükəsizliyin təminində süni intellekt texnologiyalarının tətbiqi, habelə bu sahədə hüquqi tənzimləmə və prokurorluq nəzarətinin əsas istiqamətləri üzrə məruzələr təqdim olunub.

Bununla yanaşı, süni intellekt vasitəsilə kibercinayətlərin aşkarlanması və araşdırılması prosesində rəqəmsal sübutların hüquqi qiymətləndirilməsinin xüsusiyyətləri, açıq internet resursları və sosial şəbəkələrdə mövcud risklər, informasiya təhlükəsizliyi və hüquqi məsuliyyət məsələləri ətrafında dinləyicilərlə geniş müzakirələr aparılıb.

Sonda qeyd edilib ki, prokurorluq əməkdaşlarının bu istiqamətdə peşə hazırlığının gücləndirilməsi məqsədilə analoji təlimlərin davamlı olaraq təşkili planlaşdırılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.