Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışını şərh etmişdir

17.04.2026

31 mart 2026-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, xarici hüquqi şəxslər Azərbaycan Respublikasında yaradılmadığından, idarəetmə mərkəzləri ölkə hüdudlarından kənarda yerləşdiyindən bir çox hallarda vergi hüquq münasibətlərində məhz təsis etdikləri filial və ya nümayəndəliklər vasitəsi ilə iştirak edirlər. Bu baxımdan, vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək məqsədilə xarici hüquqi şəxsin ölkədə fəaliyyət göstərən filial və ya nümayəndəliyinin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün müraciət edə bilər. 
Əksinə, yerli hüquqi şəxslə müqayisədə xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin rəhbərinə münasibətdə vergi öhdəliklərini yerinə yetirmədiyi təqdirdə müvafiq məhdudiyyətin (Azərbaycan Respublikasından getmək hüququnun məhdudlaşdırılmasının) tətbiqinin istisna edilməsi vergi qanunvericiliyinin məqsədlərinə uyğun gəlməməklə yanaşı hər hansı ağlabatan əsas olmadan fərqli rəftarın göstərilməsi ilə də nəticələnə bilər.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrində nəzərdə tutulmuş “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışının təfsiri zamanı bu normalarda ehtiva olunan söz və ifadələrin qrammatik (hərfi) mənası deyil, vergitutma və vergi nəzarəti məsələlərini müəyyən edən normaların mahiyyəti və müvafiq tənzimetmənin hüquqi təyinatı, qanunvericinin həmin normaları müəyyən edərkən güddüyü məqsəd rəhbər tutulmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, vergi və mülki prosessual qanunvericiliyi ilə vergi orqanlarına vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququnun tanınması hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmininə yönəlmişdir.

Həmin qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışı xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin rəhbərini də ehtiva edir.

Müvafiq məsələyə baxılarkən hüquq tətbiqedən orqanlar tərəfindən vergi ödəyicisinin öz öhdəliklərinin icrasından yayınması ilə bağlı ilkin sübutlar araşdırılmalı, alternativ tədbirlərin tətbiqinin mümkünlüyü və tətbiq edilən məhdudiyyətin gözlənilən nəticəyə mütənasibliyi qiymətləndirilməli, belə tədbirin tətbiqi şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.