Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

23.01.2026

Azərbaycan Respublikası sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları, o cümlədən terrorçuluğa, mütəşəkkil cinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq edir.

Bu əməkdaşlıq çərçivəsində 20–21 yanvar tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində UNODC-nin Mərkəzi Asiya və Cənubi Qafqaz Şəbəkəsinin (CASC) təşkilatçılığı ilə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sorğularının operativ mübadiləsini təmin etmək məqsədilə yeni yaradılmış rəqəmsal platformanın təqdimatı keçirilib.

Tədbirdə Şəbəkəyə üzv ölkələrin Baş Prokurorluqlarının nümayəndələri platformanın texniki imkanları, funksionallığı və məlumatların mühafizəsi mexanizmləri ilə tanış olub, həmçinin tərəflərin platformadan istifadə qaydasını nəzərdə tutan Memorandum layihəsi üzrə müzakirələr aparıblar.

Görüşdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Fuad Hüseynov və Kriminalistika və informasiya texnologiyaları idarəsinin Proqramlaşdırma sektorunun müdiri Kamil Hüseynov təmsil ediblər.

Tədbir zamanı Fuad Hüseynov beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində sənəd dövriyyəsinin və qarşılıqlı hüquqi yardım mexanizmlərinin rəqəmsal platforma üzərindən həyata keçirilməsi üçün müvafiq hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edib. Qeyd olunan təkliflər Memorandum layihəsində əksini tapıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.