Şriftin ölçüsü :

Saytın rəngi :

ADA Universitetinin tələbələri Baş Prokurorluqda olub

12.01.2026

Yanvarın 10-da ADA Universitetinin Hüquq ixtisası üzrə təhsil alan tələbələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun inzibati binasında görüş təşkil olunub.

Tanışlıq zamanı Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov tərəfindən tələbələrə ətraflı məlumatı  verib. O, prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, struktur bölmələri, istintaqa prosessual nəzarətin mahiyyəti, prokurorluğun hüquq sistemində rolu və səlahiyyətləri barədə geniş təqdimatla çıxış edib. Qeyd olunub ki, prokurorluq orqanları qanunçuluğun təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə sahəsində mühüm funksiyalar həyata keçirir.

Tələbələr Baş Prokurorluğun inzibati binası, həmçinin Tarix muzeyi ilə tanış olublar. Azərbaycan Prokurorluğunun zəngin tarixi, xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar onlarda zəngin təəssürat oyadıb.

Bundan əlavə, tələbələr atıcılıq otağı ilə də tanış olub, prokurorluq orqanlarında əməkdaşların peşə hazırlığı, təhlükəsizlik və praktiki bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumatlandırılıblar.

Görüş interaktiv formatda keçib, tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb, hüquq təhsili ilə praktiki fəaliyyət arasında əlaqələrin əhəmiyyəti vurğulanıb. 

Bildirilib ki, bu cür tanışlıq səfərləri tələbələrin nəzəri biliklərinin praktik biliklərlə möhkəmləndirilməsinə və gələcək peşə fəaliyyətlərinə mühüm töhfə verir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.