Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 13 dekabr tarixində Qətər Dövlətinin Doha şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 15-ci Ümumi Yığıncağı və İllik Konfransı, 14 dekabr tarixində isə BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Aparan Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Şəbəkəsi) İdarəetmə Komitəsinin 11-ci iclası keçirilib.
Hər iki tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Natiq Eyvazov təmsil edib.
80-dən artıq ölkənin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən 250-yədək ekspert, dövlət nümayəndələri və elm adamlarının iştirak etdiyi IAACA-nın “Gələcək üçün dürüstlük: İnnovasiya, əməkdaşlıq və korrupsiyaya qarşı fəaliyyət” mövzusuna həsr olunmuş İllik Konfransı çərçivəsində bu sahədə müasir texnologiyaların tətbiqi, o cümlədən süni intellekt əsaslı alətlərdən istifadə, istintaq proseslərinin rəqəmsallaşdırılması və institusional potensialın gücləndirilməsi məsələləri müzakirə olunub.
Konfrans çərçivəsində ictimai iştirakçılığın artırılması, maarifləndirmə, dürüstlük mədəniyyətinin təşviqi, eləcə də beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi əsas prioritetlər kimi vurğulanıb.
Həmçinin, antikorrupsiya qanunvericiliyində yeniliklər, BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının icrası, məlumat analitikası, aktivlərin qaytarılması və maliyyə araşdırmalarında texnologiyanın rolu diqqət mərkəzində olub.
Konfransda müxtəlif ölkələrin təcrübələri təqdim edilib və regional əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Təşkilatın Ümumi Yığıncağında isə qurumun institusional inkişafı və strateji istiqamətləri müzakirə olunub. Yığıncaq çərçivəsində 12 yeni anti-korrupsiya qurumunun üzvlüyə qəbulu təsdiqlənib, bununla da IAACA-nın üzvlərinin sayı bütün BMT regional qruplarını əhatə edən 192 quruma çatıb.
Toplantıda regional fəaliyyətlərə dair hesabatlar təqdim edilib, xüsusilə Afrika regionunda üzvlük, potensialın artırılması, beynəlxalq əməkdaşlıq və ictimai iştirak sahəsində görülən işlər qeyd olunub. Eyni zamanda, Braziliyanın Baş Nəzarət Orqanı və BƏƏ-nin Milli Hesabatlılıq Qurumunun üç il müddətinə İcraiyyə Komitəsinin yeni üzvləri kimi seçilməsi təsdiqlənib.
Sonda Ümumi Yığıncaqda BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, təlim və potensialın artırılması proqramları, eləcə də IACA-nın əsas strateji prioritetləri - beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi, təcrübə mübadiləsi və üzvlərin onlayn platformalar vasitəsilə əlaqələndirilməsi bir daha vurğulanıb.
Bundan başqa, 132 ölkədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış 245 dövlət qurumunun üzv olduğu, İdarəetmə orqanında 15 ölkədən biri kimi Azərbaycan Respublikasının da təmsil edildiyi GlobE Şəbəkəsinin sözügedən Komitəsinin iclasında bu beynəlxalq təsisatın institusional inkişafı və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. İclas çərçivəsində Şəbəkə tərəfindən korrupsiyanın transmilli təzahürlərinə qarşı təqdim olunan alət və xidmətlər, o cümlədən Təhlükəsiz Kommunikasiya Platformasının fəaliyyətinin daha da təkmilləşdirilməsi üzrə məlumatlar təqdim edilib və ötən dövrdə əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb.
Toplantıda 2026-cı il üçün illik iş planı hazırlanmaqla Şəbəkənin effektivliyinin ölçülməsi üzrə təklif olunan çərçivə, törəmə orqanların səlahiyyət dairəsinə dair sənədlərin yenilənməsi, həmçinin 2026-cı ildə Vyanada keçirilməsi nəzərdə tutulan Yeddinci Plenar İclasın mövzusu və strateji məqsədləri müzakirə edilib, bu çərçivədə nümayəndəmiz tərəfindən tədbirin işinə qarşılıqlı hüquqi yardım məsələlərinin optimallaşdırılmasına dair bir sıra təkliflər irəli sürülüb.
Eyni zamanda, İdarəetmə Komitəsinin üzvləri ölkəmizin 2025-ci ilin 19–23 may tarixlərində Altıncı Plenar İclasa və İdarəetmə Komitəsinin Onuncu Görüşünə yüksək səviyyəli ev sahibliyini xatırlayaraq bu müsbət təcrübənin gələcək iclaslarda da davam etdirilməsinin vacibliyini vurğulayıb, Bakıda keçirilmiş həmin tədbirlər çərçivəsində qəbul edilmiş vacib qərar və digər sənədlərin icrası istiqamətində müzakirələr aparıblar.
İclas Şəbəkə çərçivəsində beynəlxalq əməkdaşlığın və operativ əlaqələndirmənin əhəmiyyətinin vurğulanması ilə yekunlaşıb.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı