Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Qazaxıstan Respublikası Baş Prokurorluğu arasında institusional əməkdaşlığın gücləndirilməsi çərçivəsində, fundamental mövzusu “Ekstremizm və terrorizmə, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının hüquq-mühafizə və xüsusi dövlət orqanlarının müsbət təcrübəsi” olan və ən yaxşı təcrübələrin transferini hədəfləyən əhatəli təlim kursu təşkil edilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında baş tutan 5 günlük bu intensiv kurs, Qazaxıstanın prokurorluq əməkdaşlarının peşəkar səriştələrinin artırılmasına xidmət edib.
Təlimdə Baş Prokurorluğun və Baş İdarənin əməliyyat işçiləri tərəfindən milli qanunvericilik, əməllərin tövsifi (hüquqi kvalifikasiyası) və ibtidai araşdırmaya prosessual rəhbərliyin effektiv mexanizmləri izah edilib, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının müəllimləri təhlükəsizlik paradiqmaları və anti-terror əməliyyatlarında analitik yanaşmalar barədə məlumat verib, Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi beynəlxalq standartlara uyğun maliyyə kəşfiyyatı və transsərhəd əməkdaşlıq aspektlərini ətraflı şərh edib, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") əməkdaşı Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyini diqqətə çatdırıb.
Bu interaktiv platformada fikir və təcrübə mübadiləsi aparılıb, iştirakçıların praktikadakı problemlərlə bağlı spesifik sualları ətraflı cavablandırılıb.
Təlimdə iştirakçılara Azərbaycanın dövlətçilik ənənələrini və müasir inkişafını əks etdirən məkanlarla tanış olmaq imkanı verilib. Qonaqlar Baş Prokurorluğun Tarix Muzeyi ilə tanış olaraq qurumun təkamül prosesinə nəzər salıb, Heydər Əliyev Mərkəzinə ziyarət zamanı Azərbaycanın görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib, institusional şəffaflığın və anti-korrupsiya strategiyasının əsas aləti kimi tanınan 7 saylı ASAN Xidmət mərkəzinə edilən səfər, bir pəncərə modelinin effektivliyini və vətəndaş məmnuniyyəti indeksini praktikada müşahidə etməyə imkan yaradıb.
Bu tədbir hər iki ölkənin prokurorluq orqanları arasında strateji tərəfdaşlığın davamlılığını və regional təhlükəsizliyin təmin edilməsinə birgə töhfəsini nümayiş etdirən mühüm bir mərhələ olub.










Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı