Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi “Geiger” işçi qrupunun iclasında iştirak edib

12.11.2025

4–6 noyabr 2025-ci il tarixlərində Moldova Respublikasının paytaxtı Kişineu şəhərində INTERPOL-un Radioloji və Nüvə Terrorizminin Qarşısının Alınması üzrə Bölməsi (RNTPU) tərəfindən Qara dəniz və Cənubi Qafqaz regionları üzrə “Geiger” işçi qrupunun növbəti iclası keçirilib.

Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Türkiyə və Ukraynanın polis, prokurorluq, fövqəladə hallar, xüsusi xidmət və gömrük orqanlarını təmsil edən nümayəndələrin iştirak etdiyi tədbirdə Baş Prokurorluğu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Murad Yusifli təmsil edib.

“Geiger” layihəsinin əsas məqsədi radioloji və nüvə terrorçuluğu təhlükələrinin qarşısının alınması istiqamətində regional və qlobal səviyyələrdə əməkdaşlığın, təcrübə və məlumat mübadiləsinin gücləndirilməsidir. 

Bu məqsədlə tədbirdə iştirak edən nümayəndələr nüvə və radioloji təhlükəsizlik sahəsində öz təcrübələrini bölüşərək, milli qanunvericilikdə tətbiq olunan mexanizmlər, son dövrlərdə baş vermiş insidentlər və onlara qarşı görülmüş cavab tədbirləri barədə təqdimatlarla çıxış edib, həmçinin regional əməkdaşlığın və informasiya mübadiləsinin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Tədbir çərçivəsində nümayəndə heyətimizlə INTERPOL-un adıçəkilən layihə üzrə təşkilatçıları arasında görüş keçirilmiş, görüşdə nüvə və radioloji təhlükəsizlik sahəsində həyata keçiriləcək tədbirlərin əhəmiyyəti qeyd olunmaqla qarşılıqlı məlumat mübadiləsinin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.