Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3, 263.1 və 263.1-1-ci maddələrini həmin Məcəllənin 2.2, 5.1 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh etmişdir

12.11.2025

20 oktyabr 2025-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

Qərarda həmçinin qeyd olunur ki, qanunverici sanksiyaları, yəni hər bir cinayət əməlinə görə təyin oluna biləcək cəzaların növ və hədlərini o şəkildə formalaşdırır ki, onlar cəzanın məqsədləri ilə uyğunluq təşkil etsin və ədalətli cəzanın təyininə imkan yaratsın. Əsas cəzaların tətbiq edilməsinin cəzanın məqsədlərinə nail olunmasına yetərli olmayacağı halda sanksiyalarda müəyyən edilən hər bir əlavə cəza xüsusi funksiya daşıyır.

Nəzərə alınması vacibdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza, eləcə də əlavə cəza arasında məqsədyönlü və əsaslı bağlılıq mövcuddur.

Həmin qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43 və 58-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3-cü maddələrinin sanksiyalarında göstərilən cərimə, 263.1 və 263.1-1-ci maddələrinin sanksiyalarında göstərilən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar həmin sanksiyalarda öz əksini tapmış əsas cəzalardan hər birinə əlavə olaraq təyin edilir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.