Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 4 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Ofisində Beynəlxalq Antikorrupsiya Akademiyasının (BAKA) Tərəflər Assambleyasının 14-cü sessiyası keçirilib.
Sessiyanın açılışında BAKA-nın dekanı və icraçı direktoru Slagjana Taseva Akademiyanın inkişaf istiqamətləri, əldə edilmiş nailiyyətlər və gələcək planlar barədə ətraflı məlumat verib.
Açılış mərasimində həmçinin 14-cü sessiyanın sədri qismində Monteneqronun Avstriyadakı səfiri Cyorce Raduloviç seçilib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi İsfəndiyar Hacıyev və Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təmsil ediblər.
Nümayəndələrimiz Assambleyada çıxış edərək ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi əsas nəticələr barədə məlumat təqdim ediblər.
Çıxışlarda “Elektron Prokurorluq” informasiya sistemi (EPIS) və onun cinayətkarlığa qarşı mübarizədə tətbiqi, ASAN xidmət modelinin yenilikləri, həmçinin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı çərçivəsində prokurorluq orqanları tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri, mövcud qanunvericilik islahatları və aktual çağırışlar barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, nümayəndə heyəti ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər barədə də məlumat verib. Qeyd olunub ki, COP-29 çərçivəsində keçirilmiş “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli panel müzakirələrdə, eləcə də Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və BMT-nin GlobE Şəbəkəsinin 6-cı plenar iclası zamanı qəbul edilmiş qərar və bəyanatlara toxunulub.
Təmsilçilərimiz həmçinin süni intellekt mövzusuna həsr olunmuş sessiyada da fəal iştirak edərək bu sahədə fikir mübadiləsi aparıblar.
Bundan başqa, sessiya çərçivəsində Akademiyanın gündəliyindəki məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb. İştirakçılar İdarə Heyətinə Seçkilər haqqında Qətnamə Layihəsini, 2026-cı il üçün nəzərdə tutulmuş büdcəni, BAKA-nın maliyyə dayanıqlığı haqqında Qətnamə Layihəsini, Ümumi məsələlər üzrə Qətnamə Layihəsini, eləcə də korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində mövcud problemləri və onların həlli yollarını müzakirə ediblər.
BAKA-nın Tərəflərin Assambleyasının 14-cü sessiyasında Azərbaycanın Avstriyadakı səfiri və BMT-nin Vyana bölməsində Daimi Nümayəndəsi Rövşən Sadıqbəyli iştirak edib.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı