Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi Honqkonqda keçirilən beynəlxalq antikorrupsiya proqramında iştirak edib

29.10.2025

Cari ilin 13–22 oktyabr tarixlərində Honqkonq, Çin Xalq Respublikasının Xüsusi İnzibati Ərazi vahidində Korrupsiyaya Qarşı Müstəqil Komissiyanın (ICAC) nəzdində fəaliyyət göstərən Honqkonq Korrupsiyaya Qarşı Beynəlxalq Akademiyası (HKIAAC) və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC)-nin Korrupsiyaya qarşı Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsi (GlobE Network) tərəfindən birgə təşkil edilmiş “Dürüstlüyün gücləndirilməsi: Korrupsiyaya qarşı mübarizədə süni intellekt və texnologiyaların mənimsənilməsi” adlı Peşəkar İnkişaf Proqramı keçirilib.

Tədbirin məqsədi korrupsiyaya qarşı mübarizə sahəsində çalışan hüquq-mühafizə orqanı əməkdaşlarının bilik və bacarıqlarının artırılması, süni intellekt və müasir texnologiyalardan effektiv istifadə imkanlarının öyrənilməsi, həmçinin beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Proqramda Azərbaycan, Bəhreyn, Benin, Botsvana, Çin (o cümlədən Honqkonq və Makao), Hindistan, Qazaxıstan, Koreya Respublikası, Madaqaskar, Malayziya, Mavritius, Monqolustan, Monteneqro, Nigeriya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Tailand və Zambiya kimi ölkələri təmsil edən təxminən 36 antikorrupsiya orqanı əməkdaşı iştirak edib.

Azərbaycan Respublikasını bu nüfuzlu beynəlxalq proqramda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin rəisi Rail Bayramlı təmsil edib.

İştirakçılar dürüstlük idarəçiliyi, korrupsiya araşdırmaları və innovativ texnologiyalardan istifadə sahəsində qabaqcıl təcrübə ilə tanış olaraq, süni intellektin antikorrupsiya fəaliyyətində tətbiqi, etik idarəetmə və rəqəmsal təhlükəsizlik mövzularında müzakirələr aparıblar.

10 gün davam edən proqram çərçivəsində iştirakçılar üçün mühazirələr, praktiki təlimlər və sahə ziyarətləri təşkil edilib. 

Proqram çərçivəsində Rail Bayramlı Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi islahatlar, institusional və hüquqi mexanizmlər, həmçinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti və qabaqcıl təcrübələri barədə təqdimatla çıxış edib. O, ölkəmizdə dövlət idarəçiliyində şəffaflığın artırılması, elektron xidmətlərin tətbiqi, ictimai nəzarətin genişləndirilməsi və gənclər arasında antikorrupsiya mədəniyyətinin formalaşdırılması istiqamətində görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.