Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

11.10.2025

7–9 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində Avropa İttifaqı və Avropa Şurasının CyberEast+ birgə layihəsi çərçivəsində “Uşaqlara qarşı onlayn cinsi istismar və sui-istifadə (OCSEA) işlərinin araşdırılmasında açıq kəşfiyyat məlumatlarından (OSINT) istifadə” mövzusunda beynəlxalq tədbir keçirilib.

Tədbirin əsas məqsədi istintaq orqanlarının əməkdaşlarına uşaqlara qarşı onlayn cinsi istismar və sui-istifadə halları ilə mübarizədə açıq mənbələrdən əldə olunan kəşfiyyat məlumatlarının (OSINT) imkanları barədə geniş məlumat vermək, kibercinayətkarlıq və elektron sübutlar üzrə cinayət ədliyyəsinin təkmilləşdirilməsi, eləcə də kiberməkanda qanunun aliliyinin təmin edilməsinə dəstək göstərmək olub.

Tədbirdə Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Murad Yusifli, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru İlkin Qulubəyli və  Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin prokuroru Aynur Əfəndiyeva iştirak edib.

İştirakçılar beynəlxalq təcrübə, qabaqcıl OSINT alətləri və onların istintaq proseslərində tətbiqi barədə fikir mübadiləsi aparmış, Avropa Şurası və Avropa İttifaqının ekspertlərinin təqdimatları zamanı açıq mənbələrdən məlumatların toplanması, təhlili və hüquqi baxımdan istifadəsi ilə bağlı müasir yanaşmalar barədə yeni biliklər əldə ediblər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.