Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndə heyəti Özbəkistan Respublikasında işgüzar səfərdə olub

07.10.2025

2025-ci il 1–5 oktyabr tarixlərində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, rəis müavini Səbuhi Şahverdiyev və şöbə rəisi Nigar Qələndərli Özbəkistan Respublikasına işgüzar səfər etmişlər.

Səfər çərçivəsində nümayəndə heyəti Daşkənd şəhərində keçirilmiş Ədalət Akademiyasının açılış mərasimində iştirak etmişdir. 

Tədbir Özbəkistan Respublikasının rəhbər şəxsləri, beynəlxalq təşkilatların, eləcə də bir sıra ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən nümayəndələrin iştirakı ilə baş tutmuşdur.

Açılış mərasimində ədalət sistemində aparılan islahatlar, hakim və prokuror korpusunun peşəkarlığının artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, hüquq təhsili və ixtisasartırma sahəsində müasir yanaşmaların tətbiqi kimi məsələlər müzakirə olunmuşdur.

Səfər zamanı nümayəndə heyəti Özbəkistan Respublikasının Ali Məhkəməsində və Hüquq-Mühafizə Akademiyasında olmuş, bu qurumların fəaliyyəti, həyata keçirilən islahatlar və qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışdır.

Nümayəndə heyəti həmçinin Ali Məhkəmə Şurası və Ədalət Akademiyasının təşkilatçılığı ilə keçirilmiş “Yeni Özbəkistanda yüksək ixtisaslı hakimlər korpusunun formalaşdırılması: islahatların səmərəliliyi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda iştirak etmiş və geniş məruzə ilə çıxış etmişdir.

Səfər çərçivəsində aparılmış görüşlər və çıxışlar Azərbaycan və Özbəkistan arasında hüquq-mühafizə, elmi-tədris və kadr hazırlığı sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə mühüm töhfə vermişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.