Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığa dair seminarda çıxış edib

30.09.2025

Azərbaycan Respublikasının Baş Prokurorluğu sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində beynəlxalq təşəbbüslərə və çoxtərəfli əməkdaşlığa daim böyük önəm verir. Bu çərçivədə Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları, xüsusilə də Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC) ilə səmərəli əməkdaşlıq həyata keçirilir.

22–24 sentyabr tarixlərində Qazaxıstan Respublikasının paytaxtında, Baş Prokurorluq yanında Hüquq mühafizə orqanlarının Akademiyası və UNODC-nin Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə hüquqi əməkdaşlıq şəbəkəsinin (CASC) birgə təşkilatçılığı ilə “Cinayət işləri üzrə elektron sübutlar və kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq” mövzusunda regional seminar keçirilib.

​CASC şəbəkəsi üzrə əlaqələndirici şəxslərin dəvət olunduğu tədbirdə Rumıniya Respublikasından dəvət olunmuş ekspertlər kibercinayətkarlığın müasir çağırışları, rəqəmsal sübutların toplanması və saxlanılması, kriptoaktivlərin qeyri-qanuni dövriyyəsi, rəqəmsal kriminalistika sahəsində beynəlxalq təcrübə və əməkdaşlıq mexanizmləri barədə təqdimatlar ediblər.

​Azərbaycanı tədbirdə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Nigar Yahyazadə təmsil edib. O, “Kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı hüquqi yardımın əsasları” mövzusunda məruzə ilə çıxış edərək ölkəmizin bu sahədə əldə etdiyi təcrübəni, beynəlxalq müqavilələr çərçivəsində qarşılıqlı hüquqi yardım mexanizmlərini və gələcək əməkdaşlıq imkanlarını iştirakçıların diqqətinə çatdırıb.

Seminar çərçivəsində iştirakçı ölkələrin nümayəndələri arasında faydalı fikir mübadiləsi aparılıb, kibercinayətkarlığa qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb.

​Tədbirin sonunda bütün iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar təqdim edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.